Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Paşazadə Cavid Telman oğlunun doğum günüdür.

27 avqust 2021 | 11:00

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Cavid Paşazadənin doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Cavid Telman oğlu Paşazadə 2001-ci ilin 27 avqustunda Bakının Sulutəpə qəsəbəsində zəhmetkeş bir ailədə dünyaya göz açmışdı. Üç bacının tək qardaşı idi. Orta təhsilini Şəhid Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdı. Məktəbdə dönəmi yaxşı - əla qiymətlərlə oxusa da, Cavidin qiymətləri anasını qane etmirdi. Çünki onların övladları daima məktəbdə yüksək savadı və tərbiyəsi ilə seçilənlər sırasında olmuşdu. Ailənin böyük qızı Paşazadə Mənicə 600-dən yüksək balla Bakı Dövlət Universitetinə qəbul olmuş, universiteti fərqlənmə diplomu ilə bitirmişdi. İlk dəfə universitetə qardaşı ilə gedən bacı düşünürmüş ki, diplomunu alan zaman da qardaşı yanında olar. Lakin Mənicənin sözləri ilə desək, bu, ona qismət olmadı. Şəhid bacısı bildirir ki, hərbi xidmətdə olan zaman qardaşım mənimlə telefonla danışarkən, ”Səni narahat edən hər hansı bir məsələ yoxdur ki? Elə bilmə uzaqdayam, Qardaşın daim arxandadır!” Cavid iki il ali təhsil istiqamətində hazırlaşsa da, tələbə olmaq onun nəsib olmur. Onun oxumağa həvəsi qalmamışdı. Uşaqlıqdan qəlbi torpaq sevgisi ilə döyünən şəhidimiz şeir əzbərləyə bilməsə belə, onun 5-6 yaşında əzbərləyib, “5” aldığı şeir vardı:

Vətən mənim bu günüm,
Sabahkı toy, düyünüm.
Haqqım var ki, öyünüm,
Azərbaycan deyəndə!

Ailəsinin sözlərinə görə Şəhidimiz hər zaman sülh istəyən, böyüklərin işinə qarışmayan, daima öz işini əlindən kənara qoyub anında hər hansı şəxs Cavidə ehtiyac duyarsa, yardıma gedəcək qədər geniş qəlbli, mərhəmətli bir gənc olub. Cavid Paşazadə orta-ixtisas təhsilinə yiyələnərək, bir müddət avtoelektrik peşəsi ilə məşğul olmuşdu. Zaman yetişdikdə isə o hərbi xidmətə yollanmağı seçərək, təhsili və peşə fəaliyyətinə daha sonra davam etməyi qərara alır. Onun çalışdığı dönəmdə necə bir işçi, gənc olması Cavidin ustasının onunla bağlı olan xoş və unudulmaz xatirələrində öz əksini tapır.

Ustası Eldəniz: “Cavid gənc olaraq gözəl insan və söz başa düşən idi. Hər hansı bir problem olarsa, mən ona sözü bir dəfə deyərdim. Cavidlə bağlı arzularım çox idi. Düşünürdüm, hərbi xidmətə gedib-gəlsin, onu nişanlayaq, onun xoş günlərində də yaxından iştirak edim. İşində, gələcəyi istiqamətində ona daha da çox dəstək olum. Hərbi xidmətdə olan zaman bir neçə dəfə yanında oldum. Xeyli söhbət etdik. O anda da yenə Vətənin bütövlüyü yolunda olan sınağından üzü ağ çıxmaq onu narahat edən əsas məqsəd idi. Şəhidlik məqamına yüksəlməmişdən bir gün öncə isə mənə zəng edərək: “Ustam, haqqını halal et!” - dedi. Sən demə, bu zəng Cavidin son zəngi imiş .”

Anası Paşayeva Sədaqət: “Bizim ailədə elə bir qayda-qanun var ki, hər hansı birimiz bir saatlıq belə evdən çıxmış olsaq, evə qayıdanda sanki illərdir, görüşmürük kimi qarşılayardıq. Bir gün işdən evə gələndə qızlar qarşıma qaçıb məni qarşılasa da, gördüm ki, Cavid gəlmədi. O gün nəsə bikef idi. Dedim: “Oğlum, nə olub?” Dedi: “Ana, sən balalarını nə vaxt doyunca görəcəksən?”-Dedim: “Cavid, ana sənə qurban, bala, niyə elə deyirsən ki?” Dedi: “Ana ömür çox qısadır...Nə qədər sağıq, balalarını doyunca gör !”...

Sədaqət xanım oğlu Cavidin sözlərini indi anladığını və sən demə Cavid bu sözləri özünə görə, onların arasından zamansız ayrıldığı gün üçün söyləyirmiş. Cavid bacılarına çox bağlı, onların qayğısına qalan, onları qoruyan bir qardaş olub. Adətən ailələrdə bacı-qardaşlar arasında mübahisə olar, lakin bizdə bu kimi hallar olmazdı. Əksinə mən qızlarıma acıqlanmağa cəhd etsəm, Cavid buna mane olardı. İcazə verməzdi ki, kimsə bacılarına bir söz belə desin.

Ana qeyd edir ki, oğlu hərbi xidmətdə olduğu dönəmlərdə heç ağlamazmış, nənəsi ağlayanda əksinə mane olarmış ki: “Qoy Cavid, bizdən narahat qalmasın, bilsin ki, biz yaxşıyıq. Vətənə olan borcunu qürur və güvənlə yerinə yetirsin!”. Lakin Cavid 33 gün müharibə dönəmində hər dəfə ailəsi ilə danışan zaman: “Ana, bilirəm, televizora baxırsınız, lakin narahat olmayın, burda vəziyyət yaxşıdır!” - sözləri ilə təsəlli verərmiş.Anasının Cavidlə son danışığı oğlunun şəhadətə qovuşmasından bir gün əvvəl baş tutur. Sədaqət xanım danışır ki: “İllərdir, əmək fəaliyyəti ilə məşğul olsam da, çox az hallar olardı ki, işdən icazə alıb evə gələrdim. Lakin Cavidin bizi son yığdığı gün sanki evə can atırdım. İşdən icazə alıb evə gəldim. Evə girən zaman Cavidin əmisi oğlu onun zəng etdiyini bildirib, telefonu mənə verdi. Heç zaman ağlamasam da, bu dəfə telefonu alıb onunla danışanda göz yaşlarımı saxlaya bilmədim...Ağlayaraq uca səslə: “Cavid, oğlum!”-dedim. Cavid də bunu hiss edərək dedi ki: “Ay ana, yaxşıyam, ana, mən yaxşıyam!” Telefonu verdim nənəsi və əmisi oğlu danışdı. O gün Cavidin məndən son istəyi o oldu ki: “Ana, sabah Zeynəbin (Cavidin kiçik bacısı) ad günüdür. Dedim: “Oğlum, olsun da, sən gələnə qədər toydur, ad günüdür, bizlik deyil. Sağ-salamat gəlib, özün bacılarını başına yığarsan.” Ancaq Cavid məndən israrla xahiş etdi ki: “Ana, mənim adımdan təbrik elə, çünki o uşaqdır, dünyanı dərk etmir. Şəhidlərimizin olduğunu mən də bilirəm. Siz ona mənim adımdan bir tort alın, kəsin. Heç nə etməyin, amma bircə onu mənə görə edin.” Zeynəb qürur duyulası bir qardaşın bacısı olaraq, yaşı az olsa belə, olduqca dərin düşüncəli və ağıllı bir qızdır. İndi Zeynəbi Anasına tez-tez verdiyi bir sual düşündürür:“Ana, mən hər il 29 oktyabr tarixində ad günümü edəcəyəm, yoxsa qardaşım Cavidin Şəhidlik gününü?!” Bu sualın cavabını Zeynəbə vermək olduqca çətindir. Ana vətəninin bütövlüyünü canı, qanı bahasına belə olursa olsun, daima düşünən, arzusunda olan məqama ucalmaq yolunda qorxmadan son ana qədər irəliləyən Cavid kimi bir gəncin memarıdır. Şəhidin anası bildirir ki, daima oğluma deyirdim ki: “Cavid, oxu, sənin də şəklin məktəbdə şərəf lövhəsindən asılsın!” Bu zaman Cavid mənə bildirirdi ki: “Ana zaman olacaq, mənim şəklim məktəbdə ondan da uca yerdən asılacaq!” Ona deyirdim: “Cavid, axı sən məktəbi bitirirsən, nə zaman asılacaq?” Bu gün mənə məktəbdə onun şəklinin ən uca yerdən asıldığını deyirlər, düşünürəm ki, Cavid bunu mənə öz dili ilə, sən demə məhz bu günlərini deyirmiş. Bu gün Şəhid anası oğlunun yoxluğu ilə bağlı keçirdiyi hissləri şeir yazaraq vərəqlərə köçürüb.

Şəhid Oğlumun Xatirəsinə;
Hardadır qürururum, o güc mənbəyi?-
Sanki hamısını sənə vermişdim.
Sən körpə olanda laylay yerinə,
Mən sənə böyük bir dastan demişdim.

Dediyim bu dastan, sən oldun, oğul...
Yeni bir tarix də sən yazdın, oğul!
Qanınla, canınla yazdın tarixi,
Cavid adının qarşısına sən,
Şəhidlik adını da yazdın sən, ay oğul!

Şəhidlik zirvədir, uca məqamdır,
Əlçatmaz libasdir, yaşayan addır,
Cavid, bu adla da yaşayacaqdır!
Oğlum bir qəhrəman,Vətən oğludur!

Nəvəsi Cavidin itkisini hələ də qəbul edə bilməyən Böyükbacı Paşayeva bildirir ki: “Nəvəm Cavid üç bacısını bir an belə gözündən qoymayan, qoruyan, mehriban, ən əziz nemətini böləcək bir qəlbə sahib oğul idi. Cavid o qədər insani keyfiyyətləri ilə seçilmiş bir oğul idi ki, Allah məhz buna görə onu İlahi məqama ucaltdı!”

Paşazadə Cavidin həyatında əmisi Yaşar müəllimin bir böyük olaraq xüsusi, özünəməxsus yeri və dəyəri olmuşdur. Yaşar müəllim qeyd edir ki: “Cavid mənə öz övladım qədər dəyərli idi. Uşaqlığı hələ də gözümün önündədir, hələ də inana bilmirəm. Onunla bağlı arzularım çox idi, lakin Cavid öz arzularını Vətənini müdafiə edərək həyata keçirərkən, bizim arzularımız yalan oldu. Cavid hər zaman xalqının və bizim qəlbimizdə yaşayacaq!”

Cavid Paşazadə əbədiyyətə qovuşmamızdan bir gün öncə sinif yoldaşı Amillə telefonla danışan Amil ondan: “Necəsən, Cavid”?- soruşduqda sevinc hissləri ilə Şəhidimizin sözləri bu olub: “Amil, düşməni dağıda-dağıda, torpaqlarımızı isə ala-ala gedirik, təbii ki, yaxşıyam!”

Zabit Nəsirov Kənan: Cavid hərbi xidmət dönəmində seçilən, hər kəsin qayğısına qalan, kim nə deyərsə, baş üstə deyərək əməl edən bir gənc olub. Ona nə tapşırılıbsa, sonuna qədər əməl edib. İntizamı, tərbiyəsi ilə daima komandirlərinin belə hörmətini qazanmağı bacarıb...

Şəhid Paşazadə Cavidin sonuncu döyüş yeri olan Xocavənddə azad olunmuş torpaqlarını qorumaq üçün saatlarla mübarizə aparıb, döyüşən dörd gəncdən biri Cavid olub. Onlar əzmlə canları bahanasına ələ keçirdikləri postu verməmək üçün son ana qədər vuruşublar. Gənc əsgər uzun mübarizədən sonra 29 oktyabr da, bacısı Zeynəbin ad günündə Şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid əsgər Cavid Paşazadə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyətinin İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin fəalları, Cavid Telman oğlu Paşazadənin doğum günü münasibətilə məzarını və ailəsini ziyarət etdilər.

Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Allah rəhmət eləsin!

Keçidlər