Binəqədi rayonunda "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil işçilərilə görüş keçirilmişdir.
Binəqədi rayonunda "5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil işçilərilə görüş keçirilmişdir.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Amal Əsəgrov və Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisəslərində məktəblilərin təlim-tərbiyəsi işində qazandığı nailiyyətlərə görə fərqlənən müəllimlər iştirak edirdilər.
Görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova təhsil ocaqları ilə bağlı hesabat nitqində bu il Azərbaycan müəlliminin 5 Oktyabr - “Beynəlxalq Müəllimlər Günü”nü qalib xalqın qalib övladı olaraq bayram etməsini xüsusi vurğuladı. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində biz qürur hissi keçirik ki, Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində çalışan 3 nəfər müəllimimiz də düşmənə qarşı mərdliklə vuruşaraq qəhrəmanlıqlar göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə onların hər biri göstərdikləri şücaətə görə medallarla təltif edilmişlər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək onlara peşə fəaliyyətlərində uğurlar arzuladı və ulu öndər Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs etdi. Bununla yanaşı qeyd etdi ki, ölkə rəhbərliyinin təhsil sahəsində uğurla həyata keçirdiyi islahatların ən mühüm və vacib istiqamətlərindən biri Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılmasıdır və bu mənada böyük işlər görülür. Təhsil sahəsinin inkişafinda xüsusi xidmətləri ilə seçilən müəllimlərin əməyi qiymətləndirilir, onlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar və mükafatlar verilir. Elxan Allahverdiyev sonda öz fikirlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllim haqqında söylədiyi müdrik kəlamı ilə sonlandırdı: "Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur.”
Daha sonra Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov “müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər. Bu, keçmişdə də belə olub, bu gün də belədir və gələcəkdə də belə olacaqdır. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri vardır.” deyə, vurğuladı.
Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisi Fəxri fərman və qiymətli hədiyyələr ilə mükafatlandırılmış və onlarla xatirə şəkli çəkilmişdir.
Ətraflı: