Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Cabbarov Orxan Rövşən oğlunun doğum günüdür.
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Orxan Cabbarovun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Cabbarov Orxan Rövşən oğlu 16 oktyabr 1995-ci il Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində dünyaya göz açmışdı. Orxan 6-cı sinifə qədər Vladivostokda, 7-ci sinifdən isə Bakı şəhərinin Binəqədi rayonu, 179 saylı orta məktəbin rus bölməsində təhsil almışdı. Orxanın həmçinin təhsildən əlavə, idmana da marağı var idi. Sərbəst güləş, daha sonra isə kyukoşinkay idman növü ilə məşğul olmuş və yarışlarda medallar qazanmışdı.
Orxanın kiçik qardaşı Rüstəmov Ruslan da İkinci Vətən Müharibəsi zamanı hərbi xidmətdə idi və döyüşlərdə iştirak edirdi.
Orxan təhsilini bitirdikdən sonra 2014-cü ilin yanvar ayında hərbi xidmətə çağırıldı. Beyləqan rayonu, Xaçınabad kəndinin “N” saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət etməyə başladı. Respublika üzrə kəşfiyyat istehkam yarışında birinci yer, hərbi hissəyə isə kubok qazanmışdı. Daha sonra xidməti bitirdikdən sonra isə Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursuna yazılmışdı. Əsgər yoldaşlarının dediklərinə görə, Orxanın arzusu hər zaman Xüsusi Təyinatlı Qüvvələrdə olmaq idi. Xüsusi Təyinatlı Qüvvələrinin kursunu keçməyi hər əsgər bacarmır, amma Orxan bunu bacarıb və böyük qürurla Xüsusi Təyinatlı Qüvvələrinin sıralarına daxil olmuşdu. 2015-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Cəlilabadın “N” saylı hərbi hissəsində kiçik çavuş rütbəsi ilə xidmət etməyə başladı. Orxan həmçinin böyük qəhrəmanlıqla 2016-cı ildə Talışkənd uğrunda gedən aprel döyüşlərində iştirak etmişdi.
2018-ci ilin sentyabrın 30-da böyük sevgi ilə sinif yoldaşı Ayşən xanımla ailə qurur. 3 ay Cəlilabadda yaşadıqdan sonra Orxan öz istəyi ilə iş yerindən Xızı rayonunun “N” hərbi hissəsinə göndərilir.
2019-cu ilin yanvar ayından Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, kiçik gizir rütbəsi ilə xidmət etməyə başlayıb. Orada da idman yarışlarında iştirak edib, hər zaman fəxri yerlər tuturdu. 2020-ci ilin yay aylarında Xüsusi Təyinatlı Qüvvələrdə təlimlərdə hazırlıqlar aparırdı. Onlara “ölüm mələyi” deyirdilər. Orxan isə yoldaşları arasında “Canavar” ləqəbi ilə tanınırdı. Əlbəttə ki, bu ad ona təsadüfən verilməmişdi. Mətinliyi, şücaəti, dözümlülüyü, qorxmazlığı, cəldliyi ona bu adı qazandırmışdı. Axı Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək, şərəfli olduğu qədər, həm də çox ağırdır.
İkinci Qarabağ, müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi şücaət göstərdi. Orxan da öz qəhrəman yoldaşları ilə birlikdə ilk gündən Vətən uğrunda gedən döyüşlərə atıldı. Orxanın vətənə olan sevgisi, mərdliyi, cəsurluğu, mətanəti onu tanıyan hər kəsə məlum idi. Bu illər ərzində onun ürəyi Qarabağla döyünürdü. Sanki bu döyüşün başlamağı ilə də ona yeni bir can gəlmişdi. Müharibə başlayan ilk gündən, sentyabrin 27-dən yoldaşı ilə əlaqə saxlayırdı. Hər zaman: “Mənə görə narahat olma, mən qayıdacağam, “Canavarıma” yaxşı bax, özünüzdən muğayət olun” deyirdi. “Canavarım” deyəndə Orxan dünyaya təzəcə gəlmiş oğlu Ayxanı nəzərdə tuturdu. Oktyabrın 16-sı Orxanın 25 yaşı tamam oldu. Öz ad günündə tək başına əlbəyaxa döyüşdə erməni polkovnikini öldürmüşdü. Oktyabrın 4-ü Cəbrayılda döyüş zamanı qolundan yaralanmış, Şirvan hospitalında müalicə almış, lakin bu barədə nə ailəsinə, nə də yaxınlarına bildirməmişdi. Yalnız şəhadətə ucaldıqdan sonra bu barədə ailəsi xəbər tutmuşdu. Yarası hələ tam sağalmamış könüllü olaraq: “Mən yoldaşlarımı tək qoya bilmərəm”- deyib yenidən döyüşə qayıdıb, yenə eyni cəsurluqla döyüşmüşdü. Döyüş yoldaşlarının dediklərinə görə, çox cəsarətli idi, doğurdan da Canavar kimi idi. Hətta bir gün 4 nəfərlik qrup ilə 38 nəfərlik erməni Xüsusi Təyinatlılarını məhv ediblər. Sonuncu dəfə Qubadlı şəhərində 30 oktyabr tarixində həyat yoldaşına zəng edib, yalnız: “Özündən muğayət ol, balama yaxşı bax, İnşAllah çox az qaldı”- sözlərini deyib. Oradan Şuşaya gedib döyüşmüşlər. Şuşa döyüşlərində Orxan ikinci dəfə qolundan yaralanıb, yoldaşları qıraqda, bir səngərdə ona sistem qoşublar. Yoldaşları Orxana: “Yaralısan, sən döyüşə girmə” desələr də, Orxan yenə də döyüşə qayıdıb. O zaman düşmən tankının üstünə hücum edib və həmin tankdan atılan mərmi nəticəsində noyabrın 8-i Şuşa şəhərində kürəyindən qəlpə yarası alaraq, Şəhadətə qovuşmuşdur. Noyabrın 11-i tarixində Tovuz rayonunun Bozalqanlı kəndində torpağa tapşırılmışdır.
2020-ci il 9 noyabr tarixli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhid kiçik gizir Cabbarov Orxan Rövşən oğluna ən ali fərqlənmə olan: “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Daha sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid kiçik gizir Cabbarov Orxan Rövşən oğlu dekabrın 15-də “Vətən uğrunda” medalı ilə, bundan əlavə “Şücaətə görə”, “Cəbrayılın azad olunmasına” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!