Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Seymur Hüseynoğlunun doğum günüdür.

20 oktyabr 2021 | 11:00

Sən sağ olasan, Vətən! Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Balaca məktəblidən bir dəfə soruşulanda ki, şəhidlik nədir? Tərəddüd etmədən dedi ki, şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Seymur Hüseynoğludur. Bu gün onun doğum günüdür!

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Seymur Hüseynoğlu 20 oktyabr 1993-cü ildə Ordubad şəhərində dünyaya göz açmışdı. İlk təhsilinə Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə başlamışdı. 2008-ci ildə ordumuz üçün peşəkar hərbçilər yetişdirən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olur və 3 il burada oxuduqdan sonra, 2011-ci ildə Bakıdakı Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. 2015-ci ildə buranı da uğurla bitirən Seymur Hüseynoğlu leytenant rütbəsi alır. Naftalan, Tərtər və Bakı şəhərlərində xidməti vəzifəsini yerinə yetirən igidimiz tariximizin şanlı və şərəfli səhifələrindən olan, ordumuzun zabit və əsgərlərinin hünər və rəşadətləri ilə tarix yazdığı aprel döyüşlərinin də iştirakçısı olur, Lələ təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid general-mayor Polad Həşimovun rəhbərliyi ilə böyük şücaət göstərir. 2017-ci il 12 avqust tarixində döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə və nizam-intizamı yüksək səviyyədə saxladığına görə təltif olunan Seymur Hüseynoğlu 2018-ci ildə isə baş leytenant rütbəsinə layiq görülür. Şəhidimiz 2015-ci ildə ailə həyatı qurmuşdu. Hazırda onun Hüseyn adlı bir oğlu var.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı şəhid olan general-mayorumuz Polad Həşimovun şəhadətə qovuşmasından dərin narahatlıq keçirən, onun intiqamını almaq arzusu ilə yaşayan Seymur hardan biləydi ki, bir neçə ay sonra əbədiyyət zirvəsində komandirini əsl qəhrəman döyüşçü, qalib ordunun yenilməz sərkərdəsi kimi salamlayacaq...                   

Döyüş yolu: 27 sentyabr da başlayan Vətən müharibəmizə digər oğullarımız kimi, Seymur da əsl qəhrəman kimi yollanır. Ailəsi ilə 27 sentyabrda sağollaşaraq qızğın döyüşlərin başladığı Füzuli rayonuna gedir. Seymur Hüseynoğlu ilə  xidmət zamanı çiyin-çiyinə vuruşan zabitimiz, baş leytenant Qayıb Əliyev döyüşə getdikləri məqamları belə xatırlayır: “Sentyabr ayının 27-si Seymurla birlikdə Bakıdan Qarabağa yollanarkən onunla maraqlı söhbətlərimiz oldu. Yolboyu Seymur qətiyyətlə deyirdi ki, müharibə gələcək nəsillərə qalmamalı, övladlarımız sülh və firavanlıq içində yaşamalıdır!”. Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edərək əsl qəhrəmanlıq nümunəsi göstərən, torpaqlarımızın azad olunması uğrunda son nəfəsinə qədər vuruşan igidimizin: “Mən istəyirəm hər şey kökündən həll olunsun! Daha uşaqlar atasız qalmasın! Gələcək nəsil rahat yaşasın deyə indi biz varıq! Nə etmək lazımdırsa, edəcəyik, canımı belə fəda etməyə hazıram!”-sözləri mərd, igid Azərbaycan oğlunun bütün nəsillərə örnək olacaq qəhrəmanlığının təcəssümü, mərdliklə vuruşan əsgərlərimizin zəfərə gedən yolda inamla səsləndirdikləri qalibiyyət nəğməsi, zəfər səsi idi... Ailəsi ilə 11 oktyabrda son danışığı zamanı da Seymur eyni inam və cəsarətlə deyir: “Mən hansısa bir qəzada, yaxud ürəyi dayanaraq ölən biri deyiləm, mən döyüşçüyəm, döyüşdə də ölməliyəm!”.

16 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərin birində Seymur Hüseynoğlu ayaq, qarın və baş nahiyəsindən ağır yaralanır. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhadətə qovuşur və II Fəxri xiyabanda torpağa tapşırılır.

Əsgər Rüfət Tağıyevin onun haqqında xatirələri: “Hüseynoğlu Seymur bizim igid komandirimiz idi. Heç yadımdan çıxmaz, bir gün o, döyüş zamanı bizim səngərə gələrək dedi:  “Mənim dediklərimi etsəniz, burnunuz belə qanamadan  evlərinizə sağ-salamat,  qəhrəman kimi qayıdacaqsınız”.  Mənim şəhid komandirim! Sizin düzgün əmrlərinizlə biz evimizə sağ-salamat qayıdırıq. Siz bizim ürəyimizdə həmişə bir qəhrəman kimi qalacaqsınız!”.

Əsgər Novruzov İslamın xatirələri: “Komandirimiz baş leytenant Hüseynoğlu hər gün olduğu kimi, bu səhər də ayağa qalxıb bizə dedi: “Bu, həmin gündür! Qəhrəman olmağın vaxtı çatdı!”. Elə həmin gün uğurlu əməliyyatların birinə rəhbərlik edən komandirimiz döyüş zamanı ağır yaralandı. Allah sizə rəhmət eləsin, cəsur komandirim! Sizi heç vaxt unutmayacağıq!”.

Hər zaman ailəsinə: “mən döyüşçüyəm, mən belə ölməliyəm”-deyən qəhrəmanımızın sözləri dillər əzbərinə çevrilib.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Seymur Hüseynoğlu “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz Seymur Hüseynoğlunun doğum günü münasibətilə məzarını ziyarət etdilər.

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər