Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
2014-cü il yanvarın 16-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda Xocəsən qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu.
Qəsəbə sakinləri Ağayar Məmmədov, Məcid Səmədov, Allahverdi Mirzəyev, Mahir Kərimov, Əliaydın İsmayılov və Mirzə Əzizov çıxış edərək Rayon İcra Hakimiyyəti başçısına qəsəbə ərazisində apardığı abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirərək, qəsəbədə bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov nümayəndəliyin 2013-cü ildə gördüyü işlərə münasibət bildirərək onun fəaliyyətində nöqsan və çatışmazlıqların olduğunu qeyd etdi, qəsəbə əhalisinin müraciətlərinə baxılmasında bir sıra hallarda qüsurlara yol verildiyini vurğuladı, qarşıdakı ildə qəsəbənin sosial-iqtisadi inkişafında görüləcək tədbirlərdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul olundu.