Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Qasımov Şəhriyar Vəzir oğlunun doğum günüdür.
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” - bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Elin belə qəhrəman oğullarından biri də Şəhriyar Qasımovdur.
Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Qasımov Şəhriyar Vəzir oğlu 07 noyabr 1995-ci ildə Bərdə rayonunun Hüseynbəyli kəndində dünyaya göz açmışdı. Binəqədi rayonu R.İmanov adına 205 nömrəli tam orta məktəbdə təhsil almışdı. 2020-ci ildə İnformasiya və Texnologiya kollecinin “Rabitə” ixtisasına daxil olmuş, lakin təhsilini tamamlamaq qismət olmamışdı. 2014-2015-ci illərdə Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə yolllanmışdı. Hərbi xidmətdə olarkən vəzifəsi kiçik çavuş idi. Sentyabr ayının 29-da könüllü olaraq Vətən müharibəsinə yollanmış və müharibədə manqa komandiri olmuşdu. Oktyabr ayının 29-u Hadrutda, “Zülmət dağı” adlanan yerdə Şəhidlik zərvəsinə ucalmışdır. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şəhriyar Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Döyüş yoldaşlarının xatirələrindən:
Elnur Mürsəlov: “Şəhriyar bizimlə bir yerdə döyüşlərdə olub. Kəşfiyyat bölümündə 3-cü müşahidə tağımında manqa komandiri idi. Biz Füzuli rayonunun Kürdmahmudlu kəndində məskunlaşmışdıq. Qrup şəklində irəli getmişdik. Şəhriyargil 3 günə Hadrutda məskunlaşıblar. Sonra yüksəkliklərə qalxıblar. Döyüşə-döyüşə irəliləyiblər. Onlar XTD- nin komandiri Tehran Mənsimovun dəstəsi ilə döyüşə giriblər. 2 gün orda - Hadrut döyüşlərində iştirak ediblər, Hadrut uğrunda gedən döyüşlərdə Şəhriyar Qasımov çoxlu igidlik göstərmişdir. Gözəl insan idi. Tez ünsiyyət qururdu. Yoldaşlarına stimul verirdi. Mehriban, xoşxasiyyət eyni zamanda igid, mərd insan, Hadrut döyüşündə şəhid oldu. Daim qəlbimizdə yaşayır.”
Əli Mənsimov: “Biz “N” saylı hərbi hissədə bir yerdə vuruşmuşuq. Bizə döyüş xəbəri gələndə çox sevindik. Məqsədimiz ancaq döyüşüb torpaqlarımızı işğaldan azad etmək idi. Səhər 6-da Füzuli istiqamatində yola düşdük. Döyüşlər Füzulidən başladı. Bizə döyüş tapşırığı gəldi. 2 qrup döyüşə çıxdıq. Döyüşlərdə Şəhriyarın böyük rolu var idi . Cəbrayıl istiqamətində irəlilədik. Hadrut istiqamətində də ağır döyüşlərimiz oldu. Orda şəhidlər verdik, əsirlər götürdük. Döyüşərək düşməni məhv etdik. 5 gün Hadrut döyüşlərində iştirak etdik. Get-gedə biz Şəhriyargil ilə növbələşirdik. Onlar bizə dəstək gələrək, bizi əvəz etdilər. Bizim yaralılar çox idi. Şəhriyargilin qrupu XTD ilə Ərgünəşdağı istiqamətində gecə boyu irəliləyiblər. Səhərə yaxın mövqe tutublar ki, düşmən mövqelərinə növbəti hücuma keçsinlər. Yenə Şəhriyar könüllü qabağa gedib. Düşmənin xeyli qüvvəsini məhv ediblər. Onlar 3 tərəfdən düşmənlə əhatə olunublar. Düşmən yerlərini bilib, ağır artilleriya ilə intensiv atəşə tutub. Orada yaralı və şəhidlər olub. Şəhriyar şəhidlik zirvəsinə yüksəlib. Xatirəsi həmişə bizim üçün əziz olacaq.”
Hüseyn Fərəcov: “Şəhriyar Qasımov mənim manqa komandirim idi. Məndən öndə dayanırdı. Manqaya “Qartal” adı vermişdi (xəritəmiz qartal şəklində olduğu üçün). Biz Hadrutda bir evdə bizim formada olan erməni əsgəri gördük. Tez Şəhriyarı çağırdıq. Düşməni tələf elədik. Qardaşımız Şəhriyarın qorxu hissi yox idi. Sanki onu Allah göndərmişdi ki, bizə stimul versin, bizə kömək olsun. Qızğın döyüş gedirdi. Kalon şəklində yol gedirdik. Biz 80 nəfər şəxsi heyət üzvü idik. Ancaq 17 maşın düşmən vardı. Buna baxmayaraq, o qədər sevgi ilə, həvəslə vuruşurduq ki, düşmən nə edəcəyini bilmirdi. 3 tərəfdən mühasirədə idik. Bir yoldaşın əli tətiyə dəydi. Düşmən yerimizi bildi və bizi intensiv atəşə tutdu. Orada qayanın altında yaralı əsgərlərimizə yardım etdik. Döyüş zamanı Şəhriyar yaralılara da kömək edirdi. Bu döyüşdə Şəhriyar Qasımov şəhid oldu. Xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!