Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Kəlbəliyev Mirkazım oğlunun doğum günüdür.
Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər.
Ürəyi Vətən eşqi ilə döyünən igidlərdən biri də Mirkazım Kəlbəliyevdir.
Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Mirkazım Firuz oğlu Kəlbəliyev 05 noyabr 1992-ci ildə Bakı şəhəri, Yasamal rayonunda dünyaya göz açıb. Yasamal rayonu 172 saylı tam orta məktəbdə təhsil almışdı. 2010-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə başlamaq üçün Füzuli rayonuna yollanmış, 2011-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdu. 2013-cü ildə ailə həyatı qurmuşdu, iki övladı var. Qəhrəman Şəhidimizin uşaqlıqdan ən böyük arzusu hərbiçi olmaq idi. Ailəsinin sözlərinə görə, hətta hərbiyə qəbul olmaq üçün o, qurban belə demişdi. Hərbiyə qəbul olandan sonra MAXE (Müddətdən Artıq Xidmət Edən) hərbi qulluqçu kimi öz xidmətini davam etdirmişdi. İlk maaşını almadan Şəhid olmuşdur. Mirkazım Kəlbəliyev müharibənin ən qızğın döyüşlər getdiyi zaman sentyabr ayının 27-si öz döyüş yoldaşını xilas etmək istəyərkən qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Mirkazım Kəlbəliyevin dayısı: “Son dəfə sentyabrın 27- si səhərə yaxın anamla danışdı, deyib: “Nənə, necəsiniz, anam necədi? Özünüzə yaxşı baxın”. Sonra səs kəsilib. Sentyabrın 27- si günü bizə Mirkazımın yaralandığı və hərbi hospitala aparıldığı xəbəri verildi. Ayın 29- u cənazəsini Bərdə Mərkəzi Xəstəxanasından Bakıya gətirdik, 30- u isə dəfn elədik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.”
Həyat yoldaşı Xatimə Kəlbəliyeva: “Qızlarımla Mirkazımın gələcəyinin xəyalını qururuq. Qızlarım - Fatimə və Banu məndən: “Cənnətə getmək üçün çox yaxşılıq etməliyik?” deyə soruşduqdan sonra: “Atamızın yanına getmək üçün çox yaxşılıq edək, bacı”- dediklərini eşitdim. Allah əsgərlərimizi qorusun. Artıq heç bir körpənin gözü yaşlı qalmasın. Şəhidlik Mirkazımın ən böyük arzusu olub. Ailəsi ilə mütəmadi telefon danışıqları zamanı həyat yoldaşına deyirmiş: “Mən şəhid olsam, ağlamayın. Məni bayraqda gətirəcəklər, bayrağı sən də, qızlarımız da öpün, təki Vətən sağ olsun”.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin məsul əməkdaşları və fəal gənclər şəhidimiz Mirkazım Firuz oğlu Kəlbəliyevin doğum günü münasibətilə məzarını ziyarət etdilər.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!