Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Abbasov Vahid Sahib oğlunun doğum günüdür.
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” - bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu Zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Elin belə qəhrəman oğullarından biri də Vahid Abbasovdur.
Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Vahid Sahib oğlu Abbasov 10 noyabr 1994- cü ildə olan Şəki şəhərində dünyaya göz açmışdı. Sonra Vahid ailəsi ilə birlikdə Bakı şəhəri Binəqədi rayonuna köçmüşdülər. Vahid 2011-ci ildə 47 nömrəli tam orta məktəbi bitirmişdi. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, müxtəlif iaşə müəssisələrində, otellərdə müxtəlif işlərdə çalışmışdı. 2015-2017-ci illərdə Murov dağında həqiqi hərbi xidmətdə olmuşdu. Hərbi xidmətdə olan zaman 2 erməni kəşfiyyatçısını ələ keçirərək hərbi hissənin rəhbərliyinə təhvil vermiş və rəhbərlik tərəfindən xüsusi təşəkkürnamə ilə təltif edilmişdi. Vahid həm də 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olmuşdu. 2020-ci il sentyabr ayında könüllü olaraq Vətən müharibəsinə yollanan Vahid Abbasov Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi bacarığı və şücaəti ilə fərqlənmişdi. Müharibə zamanı çoxsaylı erməni canlı qüvvəsini və texnikasını məhv etmiş, yaralı döyüş yoldaşlarını çiynində daşıyaraq döyüş meydanından cıxarmış, ilkin tibbi yardım göstərmişdi. Döyüşdə olduğu zaman anası və imkan olduqca yaxınlarıyla əlaqə saxlayırdı. Heç vaxt şikayət etməz və müharibədə yaşadığı ağır hadisələri ailəsinə danışmazdı. Tək sözü: “Narahat olmayın mən yaxşıyam. Əsas siz yaxşı olun, mənə heçnə olmaz”- deyərdi.
Son telefon danışığı 21 oktyabrda anası ilə olmuşdu. Elə həmin gün, 21 oktyabr 2020-ci ildə hərbi hissəyə atılan ağır artilleriya atəşi nəticəsində başından ağır yaralanaraq, haqqın zirvəsinə ucalıb. O, 24 oktyabr 2020-ci il tarixdə Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vahid Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin atası Sahib Abbasovun xatirələri: “Vahid Tovuz hadisələrindən çox sarsılmışdı. Könüllü olaraq yazılmışdı. Müharibə başlayanda artıq döyüşlərə qatılmışdı. Hər telefon danışığında “özünüzü qoruyun”- deyərdi. 21 oktyabrda şəhid xəbəri gəldi. Gündüz anasıyla danışmışdı, axşama xəbər gəldi ki, Cəbrayıl uğrunda döyüşdə Şəhid olub. Vahid hər zaman Vətənə bağlı olub. Ailəmizə hər zaman dayaq durmuşdu. Oğlum mənim belimi bükük qoysa da, başımı dik elədi.”
Şəhidin anası Natella Abbasovanın xatirələri: “Vahid mənə çox bağlı idi. Hamı ilə münasibəti xoş idi. Son dəfə oktyabrın 20-də telefon danışığımız oldu. Həmin gün özümü çox pis hiss edirdim. Atası ilə danışanda: “Özünüzdən müğayat olun, hər şey yaxşıdır”- deyirdi. İstədiyi qız var idi. Mənə dedi ki: “Ana, hazır ol, gələndə elçi gedəcəyik.” Ən böyük arzusu Dəniz adlı qızının olması idi.Vahiddən mənə bir qolbağı xatirə qalıb. Onu mənə verəndən qolumdan çıxartmıram.”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!