Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Səmədov Nicat Şahin oğlunun doğum günüdür.
"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” - bu müqəddəs deyim, eləcə də bu torpaq, bu Vətən babalarmızın yadigarıdır bizlərə. Zaman-zaman igid oğullarımız öz qanları ilə təsdiqləyib bu sözləri. O Vətən ki, hər qarışı bizim üçün sərvətdir. Hər qarışını doğma bildiyimiz torpağı qoruyan, uğrunda canından, qanından keçən igid oğul və qızlarımızı yad etmək isə hər bir azərbaycanlının, ürəyi Vətən sevdası ilə döyünən vətəndaşın müqəddəs borcu olmalıdır. Çünki Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Bu Zirvəni fəth edənləri tanıtmaq, gənc nəsillərə örnək göstərmək hər kəsin ən ümdə işi olmalıdır. Elin belə qəhrəman oğullarından biri də Nicat Səmədovdur.
Bu gün onun doğum günüdür!
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Şəhid gizir Nicat Şahin oğlu Səmədov 1992-ci il dekabrın 26-da Bakı şəhərində dünyaya göz açmışdı. 1999-cı ildə Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi 297 nömrəli məktəbin 1-ci sinfinə getmişdi. 2005-ci ildə 6-cı sinfi bitirdikdən sonra təhsilini Bakı şəhəri Yasamal rayonu fizika-riyaziyyat-informatika təmayüllü məktəbin 7-ci sinfində davam etdirmiş, 2007-ci ildə bu məktəbin 9-cu sinfini bitirərək, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olunmuş və 2011-ci ilin iyul ayında həmin kollecin mühasibat uçotu və audit ixtisası üzrə subbakalavr dərəcəsini almışdı. 2011 ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmətini başa vurduqdan sonra 6 aylıq gizirlik məktəbini bitirdi. Gizirlik məktəbini bitirdikdən sonra DSX-nın Yevlax rayon “N” saylı hərbi hissənində kiçik gizir rütbəsində çalışmağa başlayır. Xidmət etdiyi müddətdə hərbi komandanlığın, zabit yoldaşlarının, tabeliyində olan əsgərlərin böyük hörmətini qazanır. 2016-cı ildə Aprel döyüşlərində iştirak edir. 2018-2019-cu illərdə komandanlıq tərəfindən Fəxri fərmanlarla mükafatlandırılır və gizir rütbəsinə layiq görülür. 2020-ci ilin sentyabr ayında başlayan Vətən müharibəsində gizir Səmədov Nicat həmişə ön sıralarda vuruşub. Ağdam, Zəngilan, Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük mərdlik və şücaət göstərib. Çoxlu sayda düşmən əsgər və zabitini məhv edib. Dövlət sərhədlərinin təmizlənməsində, Xudafərin körpüsünün alınmasında gedən şiddətli döyüşlərdə iştirak edir. 22 oktyabr 2020-ci ildə Zəngilan rayonu Ağbənd qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə, ermənilərin mühasirəsinə düşmələrinə baxmayaraq son nəfəslərinə qədər döyüşürlər. Həmin döyüşdə 6 nəfər şəhid olur. Çoxlu sayda zabit, gizir, əsgər yaralanır. Gizir Səmədov Nicat Şahin oğlu 22.10.2020-ci ildə Zəngilan rayon Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olur. 29 oktyabr 2020-ci ildə Nicatın nəşi Baki şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nicat Səmədov ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və 3 cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Anası Səmədova Pərvanə Maksud qızı: “Nicat döyüşdə olduğunu mənə sonradan deyib. Aprel döyüşlərində iştirakından da sonradan xəbər tutmuşam. Yoldaşım, böyük oğlum məndən gizlədib. Vətən müharibəsində də mənə 2-3 gün qalmış dedilər. Mənə deyirdi ki, sən yazma, imkan olanda mən yazacam, 21-i yazdı danışdıq. 22-si yazdım cavab gəlmədi . Oğlumu 2020-ci ilin mart ayında evləndirmək istəyirdik. Elə oldu, pandemiya araya girdi, qismət olmadı. Axırıncı dəfə telefonla danışanda: “gəlim, yanvarda toy hazırlıqlarına başlayarıq” - demişdi.
Anasının Nicata yazdığı şeir:
Şəhidlər bir ölməzlik dünyası,
Şəhidlər bir cənnətlik dəryası,
Şəhidlər bir igidlik dünyası,
Haqqınız ödənməz əziz şəhidlər.
Siz tarixin silinməyən yazısı,
Siz qəlblərin, ürəklərin ağrısı,
Hər biriniz bir igidlik məktəbi,
Tarixi qanıyla yazan şəhidlər.
Şəhidlər qürurumuz mərdlik yolumuz!
Şəhidlər tarixə yazılan qan yaddaşımız!
Şəhidlər ölməzlik yolu, şah damarımız!
Analar sizə qurban əziz şəhidlər.“
Atası Səmədov Şahin İnqilab oğlu: “Nicat elə balaca vaxtlarından mərd və ağıllı uşaq olub. Oğlum anasına demədiyi şeyləri mənə deyirdi. Qız sevməsini birinci mənə danışmışdı. Mənlə qardaş kimi idi. Heç bizə döyüşdə olduğunu deməyib. Təlimdə olduğun bilirdim. Böyük oğluma deyib ki atam anam bilməsin döyüşdə olduğumu. Vurulandan sonra Ağbənddə bir müddət neytral zonada qalıb. Nə bizimkilər götürə bilib, nə də ermənilər. 6 nəfər şəhid olub o gün, biri də mənim oğlum. Zəngilana nəşin götürməyə gedəndə tanımaq üçün üzünü açdılar. Oğluma son dəfə doya-doya orda baxdım.”
Qardaşı Səmədov Nəriman Şahin oğlu: “Mən özüm də hərbçiyəm. Qardaşım haqqında onu deyə bilərəm ki,ən yaxşı şeyləri belə desəm, az olar. Kaş onun yerində özüm olaydım. Onu əsgərləri, komandirləri çox sevirdilər.
Əsgərlərindən biri onun üçün belə bir şeir yazmışdı:
Sevməzdi danışsın kiməsə yalan,
Səsiynən bölüyü lərzəyə salan,
Əsgərin həmişə qeydinə qalan,
Tabora köməkdi Səmədov Nicat!
Hər “şaqat” vuranda boğucu səslə,
Deyərdi ayağın ritmini izlə,
Yorulmaz baxışla,sönməz həvəslə,
Yenilməz biləkdi Səmədov Nicat!
Mən əsgər olanda dostum,sirdaşım
Unutmaz heç zaman səni yaddaşım,
Hərbidə gizirim,çöldə qardaşım,
Döyünən ürəkdi Səmədov Nicat!”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!