Cənnətdəki ilk doğum günün mübarək! Bu gün İkinci Qarabağ müharibəsinin şəhidi Cavadov Ələsgər Elxan oğlunun doğum günüdür.
Zaman-zaman igidlərimizi itirdik. Vətən savaşında, minlərlə şəhid verdik. XX əsrin sonlarından bu günədək işğalçı Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi davam etmişdir. Düşmənə boyun əyməyən şəhidlərimizin adları xalqımızın Qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Adını qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan biri də Ələsgər Cavadovdur.
Bu gün Şəhidimizin dünyaya göz açıdığı gündür.
Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Şəhid Ələsgər Elxan oğlu Cavadov 2000-ci il dekabrın 29-da Bakı şəhəri Binəqədi rayonunda dünyaya göz açmışdı. 2007-ci ildə Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktədə təhsil almışdı. Təhsil ilə bərabər kickboks idman növü ilə də məşğul olmuşdu. Ələsgər Elxan oğlu Cavadov 2019-cu il aprelin 3-də həqiqi hərbi xidmətə yola salınmış və Gəncə şəhərində N-saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Cəlilabad rayonunun Xüsusi Təyinatlı taborunda xidmətini davam etdirmişdi. 1 il 3 ay xidmət etdikdən sonra sentyabrın 26-da Vətən müharibəsinə yollanmışdı. Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə boğaz nahiyəsindən aldığı qəlpə yarası ilə Cavadov Ələsgər Elxan oğlu Şəhidlik zirvəsinə ucalmışdır. Ələsgər 2020-ci il noyabr ayının 11-i Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ələsgər Cavadov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” ilə təltif edilmişdir.
Atası Elxan Cavadov: “Ələsgər uşaqlıqdan vətəninə, torpağına bağlı, vətənpərvərlik ruhunda böyüyən uşaq olub. Həmişə böyüklərinin sözünü dinləyib, qohuma-qonşuya böyük hörmət bəsləyib, onların sözündən çıxmayıb. Yadımdan çıxmaz: Şəhid Emin Bağırovun dəfnində iştirak edəndə Ələsgərin əlindəki plakatda belə bir şüar var idi - “Ana, mən şəhid olacam”. Komandirləri mənimlə söhbət edərkən vurğuladılar ki, Ələsgər hər hansı bir çətin əməliyyat olduqda sinəsini qabağa verər, hamıdan əvvəldə gedərdi. Ələsgər subay olduğundan digər ailəli döyüş yoldaşlarını qoruyaraq, çətin əməliyyatlarda irəli atılarmış. Sonuncu dəfə oktyabrın 24-də bizimlə əlaqə saxlamışdır. Füzulidən döyüşdən qayıdırlarmış. Evdəkilərlə hal-əhval tutduqdan sonra Ələsgərin son sözü bu olub ki, məhəllədə mənim adımdan halva çörək paylayarsınız. Şuşada əlbəyaxa döyüşdə iştirak edən Ələsgər boğaz nahiyyəsindən aldığı qəlpə yarası ilə Şəhidlik zirvəsinə ucalmışdır. Ruhu həmişə bizimlədir.”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!