Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün Cabbarov Əli Baba oğlunun doğum günüdür!

08 yanvar 2022 | 11:00

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Əli Cabbarovun doğum günüdür!

Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Cabbarov Əli Baba oğlu 2002-ci il yanvar ayının 8-də Bakının Binəqədi qəsəbəsində dünyaya göz açmışdı. Binəqədi rayonu 182 saylı tam orta məktəbdə təhsil almışdı. Əli 2019-cu ildə Bakı Humanitar Kollecinə daxil olmuşdu. O, bilik və bacarıqları, gülərüz və mərdliyi ilə kollecdə həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının dərin ehtiramını və hörmətini qazanmışdı. 2020-ci il 14 yanvar tarixində Əli təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşmüş və Ağcabədidə yerləşən hərbi hissələrin birində xidmətə başlamış, sonra oradan isə Füzuli rayonunda yerləşən hərbi hissəyə göndərilmişdir. Əli Füzulinin və Xocavəndin azad edilməsi və düşməndən təmizlənməsi əməliyyatlarında iştirak etmiş, 27 oktyabr 2020-ci il tarixində Şuşa cəbhəsində (Şuşa şəhərinin girişində) gedən döyüşlərd Şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Cabbarov Əli Baba oğlu 28 oktyabr 2020-ci ildə Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əli Cabbarov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Atası-Cabbarov Baba: “Övladını itirmək nə qədər acı olsa da,  Şəhid atası olmaq insanda qürur hissi doğurur. Mən Əli ilə fəxr edirəm.  Mənim 48 yaşım var. Amma elə bil 18 il yaşamışam. Bu cür vətənpərvər oğul böyütmüşəm və  o, Vətən naminə şəhid olub. Özümdə elə bir təsəvvür yaradıram ki, Əli yenə də hərbi hissədədir. Öz xidmətini davam etdirir. Sadəcə əlaqə yoxdur... Biz insanın zahiri görünüşünü görürük. Daxilindən xəbərimiz olmur. Zamanı gələndə hər bir şəxsin daxili qüvvəsi,  sevinci, vətəninə olan məhəbbəti üzə çıxır. Bu bir imtahan idi.  Şükür olsun ki,  bu imtahandan üzü ağ çıxdı. Torpaq uğrunda vuruşanlar həm vətənini qoruyur, həm də ailəsini qoruyur. Onların da məqamı Allah dərgahında uca bir məqamdır. Bütün şəhid valideynləri, qazilər, qazilərin valideynləri belə övladlarla fəxr eləsin. Onlar və ordumuz dünyaya sübut etdi ki, biz nə qədər sülhsevər və rəhimli xalq olsaq da, yeri gələndə düşmənə qarşı bir o qədər də sərtik. Öz sözünü deyə bilən və düşmənləri cəzalandıra bilən bir xalqıq.  Əgər biz bu vətəndə yaşayırıqsa, onu qorumağı da bacarmalıyıq. Qoruya bilmiriksə, o vətəndə heç kimin yaşamaq hüququ yoxdur. Vətən müharibəmizdə şəhidlərimizin qanı bizim yaralı vətənimizə məlhəm oldu. Şəhidlik uca bir zirvədir. Hər kəs öz vətəni üçün canından keçməyə hazır olmalıdılar.  Əgər insan üçün vətəni  öndədirsə, o zaman vətən naminə canından keçməyi də bacarır. Bizim şəhidlərimiz də onu bacardı. Mən də bir valideyn olaraq qürur duyuram ki, bayrağımız Qarabağda dalğalandı. Və bizim də oğlumuz bu uğur naminə canından keçib. Amma şəhidlik də həmişə hər adama nəsib olmur. Belə oğulları ancaq Azərbaycan xalqı yetişdirə bilər, türk xalqı yetişdirə bilər. Əli kimi oğul yetişdirdiyimizə görə hər zaman onunla qürur duyacaq, xatirəsini əbədi saxlayacağıq.”

Anası Cabbarova Yeganə: “Əli haqqında çox sözlər deyə bilərəm. O, çox mehriban, gülərüz və qayğıkeş idi. Valideynlərinə qarşı çox hörmətli idi. Tək evdə yox, məktəbdə, kollecdə, hər yerdə belə idi...Əli balaca vaxtından hərbiçi olmaq istəyirdi. Hətta Cəmşid Naxçıvanski adına hərbi liseyədə qəbul olmaq istəyirdi. Mən qoymadım. Çox bağlı idim Əliyə. Orada oxusaydı, 5 gün evdən ayrı qalmalı idi. Əlisiz qalmaq mənə çox çətin gələrdi. Əli valideynlərinə çox qayğı göstərən bala idi. Mən, ümumiyyətlə, fikir vermişəm ki, anasını sevən övlad vətənini də sevir, ona bağlı olur. Mənə hər zaman mayor olacağını, çoxu medalları olacağını deyərdi.Əli məni illərlə şəhid olacağı günə hazırlayıbmış. Həmişə deyirdi, ana, gəl çoxlu şəkil çəkdirək, mən şəhid olanda baxarsan şəkillərimizə, darıxmazsan. Məni xatırlayarsan. Həmişə deyirdi  ki, şəhid olacam. Hətta 2020-ci il yanvarın 14-də onu hərbi xidmətə yola salanda, qatara minərkən məni qucaqladı, sağollaşdı, qulağıma pıçıldayaraq dedi: “Ana, mən qayıdacağam. Amma Şəhid kimi qayıdacağam. Mən Şəhid olacağam.”  Oktyabr ayının 24-ü mənə zəng vurmuşdu. Dedi ki:  “Ana, az qalıb. Ayın sonu gəlirəm. Sürprizlə gəlirəm. Mən gələndə hamı məni qarşılayacaq. Hamı mənimlə fəxr edəcək...”  Mən başa düşmədim, nə demək istəyir. Dedim: “Müharibə bitir? Məzuniyyətə gəlirsən? Dedi ki: “Ana mənə fəxri fərman və qəhrəman adı verəcəklər. Onları qoruyub saxlayarsan.” Axırıncı dəfə Əli oktyabrın 27-si şəhid olmamışdan qabaq saat 12:00 radələrində mənimlə danışdı. Dedi:  “Ana, gedirəm”. Dedim: “Hara gedirsən, bala”?  Dedi ki, “İş görməyə gedəcəyik, narahat olma”. Amma Əlinin səsində nəsə qəribəlik hiss elədim. Dedim: “Bala niyə belə narahatsan”? Dedi ki: “Biraz yatmamışam, yuxusuzam”. Sonra əlavə etdi: “Anacan, özünüzə yaxşı baxın, özünüzü qoruyun...” Mən həqiqətən də Əli balamın: “anacan”, “can ana” - deməyi üçün çox darıxmışam, çox.”                             

Qardaşı Cabbarov Möhsüm: “Mənim qardaşım ürəyiaçıq oğlan idi. Ürəyində kin deyilən bir şey yox idi. Həmişə gülərüz, qəlbi məhəbbətlə dolu olan biri idi. Müharibədə olanda son dəfə mənimlə danışanda dedi: “Qırağa keç, heç kim eşitməsin, sənə söz deyəcəyəm.”  Kənara keçdim ki, anamgil eşitməsin. Mənə dedi: “Qardaşım, 10-15 dəqiqəyə döyüşə gedəcəyəm. Özündən muğayat ol. Ata və anamızdan muğayat ol. Döyüşdən sağ çıxmaya da bilərəm...”   

Qohumu Axundova Minaxanım:  “Əli sakit təbiətli bir uşaq idi. İstər ailədə, istər məktəbdə, istərsə də qohum-əqraba arasında hörmət qazanmışdı. Hamı xətrini çox istəyirdi. Vətənpərvər idi. Arzusu hərbiçi olmaq, vətənə xidmət etmək idi. Onun ata babası da hərbiçi olub. Bəlkə də bu istək ondan  irəli gəlirdi. Vətən müharibəsi başlayanda Əli də əsgər yoldaşları ilə birgə döyüşə atıldı.

Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?!
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!

Torpaqlarımız alındıqca əsgərlərimiz üçrəngli bayraqlarımızı dalğalandırırdılar. Bundan sevinir, qürur duyurdular. Əlinin sonuncu döyüş yeri Şuşanın girişində oldu. Son dəfə 27 oktyabrda Əli evə zəng edib anasına deyib: “Ana, özünə yaxşı bax. Özünü qoru. Haqqını mənə halal et, Şəhid olsam, ağlama!”  Elə bil Əlinin ürəyinə danmışdı şəhid olacağı. Əli bu gün bir ailənin, bir elin yox, Azərbaycanın balasıdır. Əsgər yoldaşları onu gülərüz, mehriban bir gənc kimi tanıyırdılar. Yoldaşlarına demişdi ki, son damla qanıma kimi vuruşacağam.“

Sinif rəhbəri Musayeva Səbinə: “Canım Əli mənə oğul qədər yaxın idi. Çox səmimi ürəyiaçıq bir oğul idi. Belə təmiz uşaqlar nadir halda  olur. Bir uşaq,  anadan danışanda gözləri dolsun... Onun ürəyinin təmizliyi idi bu göz yaşları. Bir can qədər yaxın idi. Mərd, təmiz, həmişə üzügülən Əlim. Ruhun şad olsun”.

Müəllimi Bədəlova Lalə: “Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olması naminə ölümü gözə alan Şəhidimiz Əli Cabbarov haqqında yazmaq mənim üçün həm qürurverici, həm də çox çətindir. Əli çox mehriban, tərbiyəli şagird idi. Hələ balaca vaxtlarından hərbiçi olmaq istəyirdi. Mənimlə söhbət edəndə deyirdi ki, müəllimə mən hərbi məktəbdə oxumaq istəyirəm. Əlinin bu arzusu alınmasa da, o kollecə daxil oldu. Kollecə daxil olduğunu eşitdim, sonra təsadüfən məhəllədə onunla qarşılaşdım. Həmişə olduğu kimi çox böyük tərbiyə, sevgi və hörmətlə mənimlə salamlaşdı. Onu təbrik edib, kolleci mütləq yaxşı qiymətlərlə bitirib universitetə qəbul olmasını xahiş etdim. Dedim ki, elə etməlisən, valideynlərin səninlə fəxr etsin. O da “baş üstə” deyib uzaqlaşdı. Əli elə də etdi! O, elə bir zirvəyə ucaldı ki, indi nəinki valideynləri, hamımız onunla fəxr edirik. Şəhid Cabbarov Baba Əli oğlu əbədi olaraq ürəklərimizdə yaşayacaqdır!”

Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Keçidlər