Cənnətdəki Doğum Günün Mübarək, nur üzlü Şəhidimiz! Bu gün şəhid Məmmədli Murad Teymurşah oğlunun doğum günüdür.
44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdılar. Bu gün Vətən torpaqları tam olsun deyə Şəhidlik adlı zirvəni bir göz qırpımında fəth edən igid oğullarımızdan biri Murad Məmmədli doğum günüdür!
Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Murad Teymurşah oğlu Məmmədli 27 yanvar 1996-cı ildə Bakı şəhəri Biləcəri qəsəbəsində dünyaya göz açmışdı. 144 nömrəli tam orta məktəbdə orta təhsilinə başlamış və 2012-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə qəbul olmuşdu. İxtisasca maşinist idi. Muradın ən böyük arzularından biri ixtisası üzrə ali təhsil alıb, “Metropoliten”də maşinist işləmək idi. 2014-cü ildə həqiqi hərbi xidmətə yollanır və 2016-ci ildə hərbi xidmətin təşəkkürnamə ilə başa vurur.
Murad Məmmədli 21 sentyabr 2020-ci ildə səfərbərlikdən hərbi xidmətə, təlimlərə çağrılır. 27 sentyabr müharibə başlayandan o, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edərək 21 Oktyabr 2020-ci ildə Şəhidlik zirvəsinə ucalır. Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Anası Məmmədova Əfruzə: “Murad evimizin son beşiyi olub. Gülərüz, mehriban, hər kəsə hörmət bəsləyən bir oğul idi. Çox qonaqpərvər, şən oğlan idi. Elə sentyabrın 20-si mənim doğum günüm idi. Bütün övladlarım bizdə idi. Sentyabr ayının 21-i mən xəstəxanaya getmişdim, evə gələndə eşitdim ki, Muradı təlim üçün çağırıblar. Bir stəkan çay içib getdi. Sonra öyrəndik ki, Füzuli istiqamətində döyüşə yollanıb. Hər gün bizimlə əlaqə saxlayardı.”
Bacısı: “Çox mərd insan idi. Döyüş yoldaşları Murad haqqında danışanda deyirlər ki, o, hər zaman deyirdi ki, “ Mən bir anam, üç bacımdan nigaranam”. Murad itkin düşəndə silah yoldaşları söyləyirdi ki, inanmazdıq ki, Murad şəhid olar, çünki mərd, çevik oğlan idi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.”
Döyüş yoldaşı Ayaz: “Müharibənin ilk başlandığı gün-sentyabrın 27-də bizim hamımızı Füzuliyə apardılar. Təzəcə buraya çatmışdıq ki, düşmən pulemyot atdı və biz pərəm-pərəm olduq. 5-6 saatdan sonra bir-birimizi güclə tapa bildik. Hamımızı bir yerdə sağ-salamat görüb çox sevindik. Baxmayaraq ki, Muradla bir həftə öncə tanış olmuşduq, amma onu çox istəyirdik, sanki illərdir yaxın idik.”
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!