Cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz! Bu gün şəhidimiz Murad Vəliyevin doğum günüdür.
Bu gün Azərbaycanın daha bir igid oğlu - adını xalqımızın qəhrəmanlıq səlnaməsinə yazdıran şəhidimiz Murad Vəliyevin doğum günüdür. Şəhidliyin ünvanı əbədiyyətdir, cənnətdəki doğum günün mübarək, nur üzlü Şəhidimiz!
Murad Süleyman oğlu Vəliyev 11 fevral 1997-ci ildə Moskva şəhərində dünyaya göz açmışdı. 2003-cü ildə Bakı şəhəri S.Məmmədov adına 301 N-li tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2007-ci ildən Bakı şəhəri İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə təhsilini davam etdirmişdir. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdır. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna həqiqi hərbi xidmətə yollanmışdır.
Murad müharibə başlıyan gün - 27 sentyabrda könüllü olaraq cəbhəyə yollanmış və komandiri ilə birlikdə həmin gündə Şəhidlik zirvəsinə ucalmışlar. Hüzur mərasiminə gələn tələbə yoldaşlarının dediyinə görə son dəfə görüşərkən hərbi xidmətə gedəcəyini və şəhid olacağını deyirmiş. Murad o müqəddəs adı qazandı. Bilirsiniz ki, Şəhidlik insanın Vətənə göstərdiyi sevginin ən ali məqamıdır. Muradın bu məqama çatması onun Vətəninə necə bağlı olduğunu bir daha sübut etdi. Vətən igid övladları, qəhrəman döyüşçüləri, müqəddəs şəhidləri ilə Vətən olur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Süleyman oğlu Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Bu gün Murad kimi Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə nümunədir.
Uca Tanrıdan vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş Şəhidlərimizə rəhmət diləyirik!
Allah rəhmət eləsin!