Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Resurs-İnformasiya Mərkəzi açıldı

25 yanvar 2014 | 11:00

24 yanvar 2014-cü ildə Binəqədi rayonunda çoxmərtəbəli mənzillərin idarə edilməsi ilə bağlı Resurs-İnformasiya Mərkəzinin açılışı olub. Açılış mərasimində İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Elşən Əsədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Ramiz Göyüşov, Avropa Birliyinin layihə rəhbəri Jerzy Fiesher, hüquqşünas Azad Talıbov, Əmlak Bazarı İştirakçıları Birlyinin rəhbəri Ramil Osmanlı, Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyev və digər şəxslər iştirak edib. 
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Ramiz Göyüşov Mərkəz barədə geniş məlumat verərək qeyd etdi ki, Mərkəzin yaradılmasında əsas məqsəd Mənzil Məcəlləsinin tələblərinə uyğun yeni idarəetmə prinsipləri barədə əhalinin məlumatlandırılması  və onlara müvafiq məsləhətlərin verilməsindən ibarətdir. Onun sözlərinə görə, Mərkəz məsləhət xidmətləri, maarifləndirmə, ictimai məlumatlılıq işləri həyata keçirəcək: “Mərkəz həftədə 5 gün fəaliyyət göstərəcək və Həmzə Babaşov küçəsində yaşayan 380 mənzil sakininə deyil, həm də digər şəhər sakinlərinə xidmət göstərəcək. Bununla bağlı bina sakinləri ilə görüş keçirilib. Onlara Resurs-İnformasiya Mərkəzi barədə məlumat verilib. Bu gündən başlayaraq sakinlər Mərkəzə müraciət edə bilərlər.”
İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Elşən Əsədov mənzil idarəçiliyi sahəsində dövlət siyasətindən danışdı. Onun sözlərinə görə, təmsil etdiyi Nazirlik qanunvericiliklə onlara verilmiş öhdəliklər çərçivəsində əhalinin maarifləndirilməsni həyata keçirirlər. Bu müddətdə əhali ilə sistemli görüşlər keçirilmiş, onlara yeni Mənzil Məcəlləsinin prinsipləri izah edilmişdir.
E.Əsədov Mərkəzin fəaliyyəti ilə bağlı əhaliyə xidmət göstərmək üçün ekspert və mütəxəssislərdən ibarət qrup yaradıldığını bildirib: “Bu qrupa Nazirliyin və Binəqədi Rayon İcra hakimiyyətinin mütəxəssisləri, Avropa Birliyinin layihə ekspertləri və mənzil idarəçiliyi üzrə ixtisaslaşan QHT-lərin ekspertləri daxildir. Bu ekspertlər növbəlilik əsasında Mərkəzdə əhali ilə mütəmadi görüş keçirəcək və onları maraqlandıran sualları cavablandıracaq”
Avropa Birliyinin mənzil sektorunda islahatların aparılmasında Azərbaycana dəstək layihəsinin rəhbəri Jerzy Fiszer Resurs-İnformasiya  Mərkəzinin beynəlxalq təcrübədə geniş istifadə edildiyini bildirib. “Belə Mərkəzlər ilkin addımdır. Bu Mərkəz müxtəlif qrupların əməkdaşlıq formasıdır. Gələcəkdə belə Mərkəzlərin yaradılması təcrübəsi genişləndirilməlidir. Digər yaşayış binaları da qoşulmalıdır. Bir çox ölkələrdə belə Mərkəzlər yaradılıb. İngiltərə, Polşa, Ukrayna, Baltik ölkələrində bu təcrübədən geniş istifadə edilir. ”
Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri Samir Əliyevin fikrincə, Mərkəz əhalinin maarifləndirilməsi istiqamətində əhəmiyyətli rol oynaya bilər: “Apardığımız araşdırmalar göstərir ki, əhalinin yeni mənzil idarəçiliyi sahəsində məlumatı yox səviyyəsindədir. Onlar hesab edirlər ki, MİKS-lər ləğv edilsə onların mənzillərinə xidmət göstərən olmayacaq. Vətəndaşlar bu səbəbdən də binanın idarəçiliyini öz üzərinə götürmək istəmirlər”.
“Əmlak Bazarı İştirakçıları” İB-in rəhbəri Ramil Osmanlı resurs mərkəzinin daha səmərəli və aktiv fəaliyyət göstərməsi üçün sakinlərə məlumatlandırıcı vərəqlərin paylanmasını, ayrı-ayrı binalarda sakinlərlə görüşlərin təşkilinin həyata keçirilməsinin təklif etdi.
Görüşdə sakinləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər