Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalının səsi” adlı tədbir keçirilmişdir.
22 Fevral 2022-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının təşəbbüsü, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Xocalı Faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalının səsi” adlı tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu və birliyin üzvü Azad Məmmədov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk öncə çıxış edən Binəqədi Gənclər Evinin direktoru Günel xanım Həsənova tədbir barədə iştirakçılara məlumat verdi. Tədbirdə iştirakçılar Xocalı Soyqırımı ilə bağlı hazırlanmış videoçarxı izlədil'r.
Daha sonra YAP Binəqədi Rayon Təşkilatının sədr müavini Sevinc Abdullayevaya söz verildi. S.Abdullayeva qeyd etdi ki, 1992-ci il fevralında erməni təcavüzkarları Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olan soyqırımı hadisəsini törətdilər. Həmin kütləvi qırğın nəticəsində qadınlar, qocalar, uşaqlar amansızlıqla qətlə yetirilmiş, yüzlərlə dinc sakin şikəst edilmiş, 1275 dinc sakin girov götürülmüş, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. O, erməni qəsbkarlarının dinc sakinlərimizin başına gətirdiyi vəhşiliklər barədə, eyni zamanda, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə gəncləri məlumatlandırdı.
Tədbirdə "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu və birliyin üzvü Azad Məmmədov qonaq oldular. Məlumat üçün bildiririk ki, Şamil Sabiroğlu 90-cı illərdə müstəqilliyimizin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən mübarizənin öncüllərindən oldular. O, Xocalı soyqırımı və həmin illərdə şahidi olduğu erməni cinayətləri ilə bağlı gənclərə ətraflı məlumat vermiş və onların suallarını cavablandırdılar.
Tədbirin sonunda çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev qeyd etmişdir ki, bu gün biz artıq qalib ölkəyik, 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bu faciələri unutmadığını və bu torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin qanının yerdə qalmadığını göstərdi.
Sonda Xocalı soyqırımı ilə bağlı Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən açılmış gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.