Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsinin sakinləri ilə səyyar görüşü keçirildi.
03 mart 2022-ci il tarixində Biləcəri qəsəbəsi ərazisində fəaliyyət göstərən Q.Abbasov adına 284 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi.
Görüşdə YAP Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
RİH başçısı Elxan Allahverdiyev görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. RİH başçısı Elxan Allahverdiyev bildirdi ki, 2020-ci ildən başlanmış pandemiya dövrünün tələblərinə uyğunh olaraq, yerlərdə təşkil olunan görüşlərə fasilə verilmişdi. Buna baxmayaraq, sakinlərin istək və tələbərini nəzərə alaraq, onlarla hər zaman fərdi qaydada qəbullar keçirilmişdir. Bu gündən etibarən görüşlərin bərpa olunduğunu vurğulayan RİH başçısı qeyd etdi ki, sakinlər mütəmadi olaraq rayonun müxtəlif ərazilərində təşkil olunacaq görüşlərlə bağlı məlumatlandırılacaqdır.
Daha sonra, Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.