Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında “Güllələnmiş heykəllərin fəryadı” tamaşası nümayiş olundu
2013-cü il yanvar 25-də Binəqədi rayonu, Biləcəri qəsəbəsi Dəmiryolçuların mədəniyyət və istirahət parkında Şuşa Dövlət Musiqili Dram Teatrının ifasında tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” povestinin motivləri əsasında hazırlanmış tamaşa nümayiş olundu.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının məsul işçiləri, hərbi qulluqçular, rayonun təhsil müəssisələrindən müəllim və şagirdlər, səhiyyə müəssisələrindən tibb işçiləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirildi.
Tamaşaçılar arasında əsərin müəllifi millət vəkili Hüseynbala Mirələmov, millət vəkilləri Hadı Rəcəbli, Cavanşir Paşazadə, İlham Məmmədov, şair daramaturq Ənvər Əhməd də var idi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların dövlətə və millətə sədaqət ruhunda formalaşmasına yönəlmiş tədbirlərdən biri kimi, bu tamaşanın nümayişi də geniş tamaşaçı auditoriyasının böyük marağı ilə qarşılandı.
Tamaşada əzəli torpaqlarımızın yağı işğalı altında qalması daş heykəllərin fəryadı ilə ifadə olunmuşdur. Əsərdə erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara, qətliamlara məruz qoyması bədii obrazların dilində qəlb yanğısı ilə öz ifadəsini tapmışdır.
Tamaşadan sonra əsərin müəllifi millət vəkili Hüseynbala Mirələmov və şair Ənvər Əhməd çıxış etdilər.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Şuşa teatrına öz minnətdarlığını bildirdi və tamaşanı yaşayaraq canlandırdıqlarını vurğuladı.