“Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində "Qadın hüquqlarının müdafiəsi " adlı layihə həyata keçirilib!
“Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində 09 mart 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman idarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Qadın hüquqlarının müdafiəsi " adlı layihə həyata keçirilib.
Layihədə Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova, Milli Məclisin deputatı Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi rayon Gənclər və İdman idarəsinin rəisi Namiq Tarverdiyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəsissəsinin direktoru Günel Həsənova iştirak ediblər.
Layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva qonaqları salamladıqdan sonra, layihə haqqında ilkin məlumat verib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədriri, professor Hicran Hüseynova çıxışında bildirib ki, Azərbaycanda “Qadın hüquqları” ilə bağlı bir çox qanun qəbul olunub. Bu qanunlar çərçivəsində qadınların təhsildə, işlədikləri müəssisədə, ailədə hüquqları qorunur. O, həmçinin qeyd edib ki, şərqdə ilk dəfə qadına səsvermə hüququ verən ölkə Azərbaycan olub.
Milli Məclisin deputatı Səbinə Xasayeva erkən nikah mövzusunda çıxış edib. O, qeyd edib ki, bu mövzuda bir çox işlər aparılır, amma hazırda rəsmi statistikadan bəlkə də daha çox erkən nikaha məruz qalan qızlarımız var.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayon çərçivəsində erkən nikahla bağlı bir çox maarifləndirmə işlərinin aparıldığını qeyd edib. O, bu mövzuda məktəblərlə birlikdə layihələr keçirildiyini də vurğulayıb.
Daha sonra qonaqlara iştirakçılar tərəfindən təhsildə qadın psixologiyası, erkən nikah, ailədə qadın zorakılığı və s. mövzularda suallar verilib.
Sonda xatirə şəkli çəkilib.