Novruz təbriki-2022
Əziz Binəqədi rayon sakinləri!
Sizi dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı - Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, səadət və uğurlar arzulayıram.
Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Məhz buna görə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilərək, dövlətimiz və dünya xalqları tərəfindən qorunur.
Ulu öndər Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşamaq gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmiş, böyük mənəvi gücə malik olan bu bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar kimi dəyərləndirmişdir. Ölkə başçısı cənab İlham Əliyev milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənəsini çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfəsi adlandırmışdır.
Artıq iki ildir ki, Novruz özəl abu-hava ilə qeyd edilir, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. 44 gün davam edən savaş Ermənistanın məğlubiyyəti ilə Azərbaycan ordusunun Şanlı Zəfəri kimi tarixə yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri işğaldan azad olmuş ərazilərdə ulu öndər Heydər Əliyevin “Dövlətçiliyimizin və müstəqilliyimizin əbədi rəmzi” adlandırdığı üçrəngli bayrağımızı qaldırdı. Azərbaycanın ayrılmaz hissəsi olan bu torpaqlarda dövlət bayrağının dalğalanması tarixi ədalətin bərpasıdır.
Torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirir və Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladlarımızın unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm.
Əziz sakinlər! Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur.
Qoy, Müstəqil Azərbaycanımızda ümumxalq bayramı səviyyəsində qeyd olunan Novruz hər bir evə və ailəyə bol ruzi-bərəkət, xalqımıza sülh və əmin-amanlıq bəxş etsin. Bahar təravətli Novruz bayramınız mübarək olsun!
Hörmətlə,
Elxan Allahverdiyev
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı