Şəhid Həmzə Babaşovun xatirəsi anıldı
2014-cü il yanvarın 29-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu Həmzə Babaşov küçəsində Qarabağ müharəbəsində şəhid olmuş Həmzə Babaşovun büstü önündə mərhumun anım günü keçirildi.
Anım günündə Həmzə Babaşovun ailə üzvləri, döyüş yoldaşları, ictimai birliklərin nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə Həmzə Babaşovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışaraq qeyd etdi ki, Qarabağda başlayan savaş onu müharibəyə aparıb. Könüllü olaraq müharibəyə gedən Həmzə Babaşov döyüş yoldaşlarına nümunə göstərib.
Tədbirdə mərhumun döyüş yoldaşları və müharibə veteranları öz təəssüratlarını bildirdilər. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fərzəliyev Arif və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov şəhidin şəxsi şücaətindən və iştirak etdiyi döyüş əməliyyatlarından danışdılar.
Mərhumun qardaşı Şakir Babaşov ailə üzvlərinin adından şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi.
Tədbirin sonunda 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında kompozisiya dinlənildi.