Avropa ekspertləri Mənzil İdarəçiliyi üzrə Resurs İnformasiya Mərkəzində oldular
2014-cü il yanvar 30-da Avropa Komissiyasının “İNOGATE” Proqramı çərçivəsində “Şərqi Avropa və Mərkəzi Asiyanın İnşaat Sektorunda Enerji Resurslarına Qənaət Təşəbbüsü” layihəsinin layihə koordinatoru Svetlana Timşina, həmin layihənin eksperti Yuliya Samoylova, layihənin Azərbaycan üzrə koordinatoru Cahangir Əfəndiyev Binəqədi rayonunda yeni açılmış Mənzil İdarəçiliyi üzrə Resurs İnformasiya Mərkəzində oldular, mərkəzdə işlərin təşkili ilə maraqlanaraq öz tövsiyyələrini verdilər.
Sonra qonaqlar Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərovla görüşdülər.
Görüşdə həmçininAvropa İttifaqının Mənzil sektorunda islahatların aparılmasında Azərbaycana dəstək layihəsinin rəhbəri Jerzi Fiszer, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-Kommunal siyasəti şöbəsi müdirinin müavini Elşən Əsədov, Azərbaycan Respublikasının Energetika nazirliyinin İnvestisiya və sənaye obyektlərinin yenidən qurulması şöbəsi müdirinin müavini Feyzulla Muradov iştirak edirdilər.
Görüş zamanı Avropa İttifaqını təmsil edənJerzi Fiszer,Svetlana Timşina və Yuliya Samoylova hər iki layihə barədə ətraflı məlumat verdilər.
Görüşdə iştirak edən Feyzulla Muradov və Elşən Əsədov təmsil etdikləri nazirliklərdə enerji səmərəliliyi və çoxmənzilli binalarda yeni idarəçilik formalarının tətbiqi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdilər, həmçinin layihələr çərçivəsində Binəqədi rayonunda görülən işlərdən razı qaldıqlarını bildirdilər.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqlara müzakirə olunan mövzu üzrə rayonda görülən işlər barəsində ətraflı məlumat verdi.
Görüş zamanı gələcəkdə bu istiqamətdə görüləcək işlər və hər iki tərəfi maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.
Görüşdən sonra Avropa Komissiyasının ekspertləri Binəqədi rayonunda yeni yaradılmış “Binəqədi-1” MMMC-nin idarə heyyətinin üzvləri üçün, habelə Binəqədi və Yasamal rayonlarında MMMC yaratmaq arzusunda olan təşəbbüs qrupları üçün MMMC-lərin təşkili və idarə olunması barədə interaktiv təlim keçdilər.