Binəqədi rayon MKTB-də 2013-cü ilin yekunları ilə bağlı yığıncaq keçirildi
2014-cü il fevralın 7-də Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2013-cü ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi.
Yığıncaqda MKTB-nin rəisi A.Məmmədov hesabatla çıxış etdi. Sonra hesabat ətrafında müzakirələr oldu. Bununla yanaşı 1 saylı MKİS-nin rəisi Mahmud Həsənov və 102 saylı MKİS-nin rəisi Namiq Cəfərov hesabat dövründə rəhbərlik etdikləri MKİS-də görülən işlər və gələcək planlarla bağlı çıxışlar etdilər.
7-ci mikrorayon sakini Şövqü Nuriyev, 9-cu mikrorayon sakini Samir Güləliyev çıxış edərək, Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisində o cümlədən, mikrorayonlarda apardığı abadlıq-quruculuq, təmir-tikinti işlərinə görə minnətdarlıqlarını bildirərək, sözügedən mikrorayonlarda mövcud olan bəzi sosial məsələlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Hesabat yığıncağında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov MKTB-nin 2013-cü ildə gördüyü işlərə münasibət bildirərək onun fəaliyyətinin qənaətbəxş olduğunu, eyni zamanda bəzi nöqsanların da olduğunu qeyd edərək, sakinlərə göstərilən xidmətlərin təşkilində bir sıra qüsurlara yol verildiyini bildirdi.
Sonda İlqar Süleymanov cari ildə inzibati ərazinin sosial-iqtisadi inkişafında görüləcək işlərdən və həyata keçiriləcək layihələrdən danışdı.
Hesabat yığıncağının yekununda müvafiq qərar qəbul edildi.