“Gələcəyin mühəndisləri” adlı layihə çərçivəsində bir neçə orta məktəbin şagirdləri ilə görüş keçirildi
Fevralın 10-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən bir neçə məktəbin şagirdlərinin iştirakı ilə 284 nömrəli orta məktəbdə ixtisaslı kadr potensialının hazırlanmasının daha erkən mərhələdə aparılması üçün ARDNŞ tərəfindən həyata keçirilən və orta məktəblərin yuxarı sinif şagirdlərini əhatə edən "Gələcəyin mühəndisləri" layihəsi üzrə təqdimat keçirildi.
Layihənin əsas məqsədi 9-11-ci sinif şagirdlərini dövlətimizin sənayenin inkişafında prioritet sayılan "Mühəndislik" ixtisasları üzrə istiqamətləndirmək, təhsil aldıqları müddətdə gələcəyin mühəndisləri ilə müxtəlif proqramlar çərçivəsində maarifləndirici işlər aparmaq və gələcək üçün peşəkar kadrlar yetişdirməkdir.
Təqdimatda Binəqədi rayonunda yerləşən 284, 297, 298, 299, 300, 301, 314 saylı məktəblərin yuxarı sinif şagirdləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Seymur Hacıyev açaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil etdiyini və böyük nüfuza malik milli şirkət olduğunu, gənc nəslin ölkəmizin sənayesinin inkişafı üçün mühəndislik peşəsinin önəmli olduğunu vurğuladı.
Daha sonra ARDNŞ-nin Baş ofisi İnsan Resursları Departamentinin əməkdaşları təqdimat keçirərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranması, inkişafı, müəssisələrinin fəaliyyəti və iri rentabelli layihələri haqqında söz açdılar. Həyata keçirilən xarici və daxili təqaüd proqramları, peşə təlim mərkəzləri haqqında, yay məktəbi və yay təcrübəsi barədə məlumat verdilər. Təqdimat zamanı neft-qaz mühəndisliyi, geologiya-geofizika mühəndisliyi, kimya mühəndisliyi, mexanika mühəndisliyi, kompüter mühəndisliyi və ekologiya mühəndisliyi barədə söhbət aparıldı və şagirdlərin sualları cavablandırıldı. Təqdimata maraq böyük olduğundan, layihə Binəqədi rayon məktəblərində silsilə şəkildə davam etdiriləcəkdir.