Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının hesabat tədbiri keçirildi

13 fevral 2014 | 11:00

12 fevral tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Rayon Partiya Təşkilatının 2013-cü ildəki fəaliyyətinə həsr edilmiş hesabat tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, Dövlət Sığorta Kommersiya Şirkətinin sədri Məmməd Məmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, YAP Binəqədi Rayon Təşkilatı İdarə Heyəti və Şura üzvləri, ərazi-ilk partiya təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi Rayon Təşkilatının inzibati binasının önündə Ümumilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular.
Sonra YAP Binəqədi Rayon Təşkilatının 2013-cü ildəki fəaliyyətini əks etdirən video çarx nümayiş etdirildi.
YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov 2013-cü ildə Partiya Rayon Təşkilatının fəaliyyətindən danışaraq hesabat məruzəsi ilə çıxış etdi. O qeyd etdi ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı təmin edilib, iri həcmli beynəlxalq və regional layihələr icra edilib, ölkəmizin bütün həyatında böyük uğurlar əldə edilib. Bu uğurların qazanılmasında sözsüz ki, cənubi Qafqazın ən böyük siyasi qüvvəsi, ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası da mühüm rol oynayıb. O, ötən ilin ən mühüm ictimai-siyasi hadisəsinin Prezident seçkiləri ilə bağlı olduğunu qeyd etdi. 2013-cü il iyun 7-də YAP-ın V qurultayı tarixi bir qərar qəbul edərək, 2013-cü ilin Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin namizədliyini irəli sürdü. Prezident seçkilərində Azərbaycanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı müşahidə edildi və Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, Binəqədi rayonu üzrə seçicilərin 8 saylı Binəqədi I Seçki Dairəsində  85 %, 9 saylı Binəqədi II Seçki Dairəsində 86,7 % və 10 saylı Binəqədi III Seçki Dairəsində 85,7 % -i səs verməklə bu taleyüklü məsələdə fəal iştirak etdilər.
Hesabat dövründə keçirilmiş görüşlərdən danışan sədr bildirdi ki, Prezident seçkilərinə hazırlıqla paralel olaraq Rayon Partiya Təşkilatı tərəfindən il ərzində 80-dək tədbir keçirilib. Hesabat dövründə ərazi-ilk partiya təşkilatları ilə iş aparılıb, yeni 5 ərazi-ilk partiya təşkilatı yaradılıb, mətbuatla sıx əlaqə qurulub və ümumilikdə YAP Binəqədi Rayon Təşkilatının fəaliyyətinə həsr olunmuş 190-dan çox məqalə çap olunub. Hesabat dövründə Partiyanın Rayon Təşkilatı daha bir yaddaqalan hadisənin iştirakçısı oldu. Belə ki, YAP Binəqədi Rayon Təşkilatının Binəqədi Rayon İcra Hakimiyyətinin hərtərəfli dəstəyi ilə yaradılan bineqediyap.org.az saytı da yaradıldı.
Sonra o, 2014-cü ildə qarşıda duran vəzifələrdən danışaraq bildirdi ki, yeni il ərəfəsində Yeni Azərbaycan Partiyası 2014-cü il üçün öz fəaliyyət prioritetlərini açıqladı. R.Göyüşov Rayon Partiya Təşkilatının fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərova təşəkkürünü bildirdi.
Sonra çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Binəqədi Rayon Gənclər Birliyinin sədri Qüdsi Bayramov, Milli Arxiv İdarəsi ərazi-ilk partiya təşkilatının sədri Yeganə Cabbarlı, YAP Binəqədi Rayon Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Yolçu Zeynalov bildirdilər ki, bu gün ölkəmizdə davamlı inkişaf gedir. Ötən hər illər sübut edir ki, böyük bir ömür yaşamış Ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyev tərəfindən aparılan strateji kurs davamlıdır. Çıxış edənlər Binəqədi rayonunda görülmüş tikinti-quruculuq işlərindən danışdılar. Diqqətə çatdırıldı ki, Binəqədi rayonu ərazisində son illər böyük işlər görülüb, bir çox sosial obyektlər tikilib. Cənab Prezidentin qeyd etdiyi neft kapitalının insan kapitalına çevrilməsi sahəsində nəzərəçarpacaq işlər aparılıb. Bu işlər Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tərəfindən də uğurla həyata keçirilib.
Sonra tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, təməli Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda öndə gedən təşkilatdır. Çıxışında ölkə başçısının respublikada apardığı məqsədyönlü siyasətdən danışan Xaləddin İsgəndərov qeyd etdi ki, bu siyasət uğurla icra olunur. Rayonda görülmüş işlərdən danışan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı bildirdi  ki, son bir il doqquz ay müddətində rayonda çox işlər görülüb. Ölkə başçısı rayona dörd dəfə səfər edib, Ümumilli lider Heydər Əliyevin adına parkın, YAP Binqədi Rayon Təşkilatının inzibati binasının və İcra Hakimiyyəti binasının açılışında iştirak edib. Xaləddin İsgəndərov qeyd etdi ki, Cənab Prezident respublika miqyasında böyük işlər görür. Bu gün ölkəmiz kosmik dövlətə çevrilib, ikinci peykin hazırlanması işləri gedir və artıq hazırki peykdən milyonlarla manat gəlir götürülüb. Binəqədi rayonunun inkişafından danışan Xaləddin İsgəndərov bildirdi ki, təqdirəlayiq haldır ki, rayonun idarə və müəssisələri arasında koordinasiya yaranır. Çıxışında YAP Binəqədi Rayon Təşkilatının fəaliyyətinə toxunan Rayon İcra Hakimiyyəti başçısı yeni hesabat ilində rayon partiya təşkilatına uğurlar arzuladı.
Tədbirdə Rayon Partiya Təşkilatının fəaliyyətində fəallıq göstərən bir sıra şəxslərə Fəxri Fərmanlar, hədiyyələr və partiya sıralarına yeni daxil olmuş bir neçə şəxsə partiya vəsiqələri təqdim edildi.
Sonra YAP Binəqədi Rayon Təşkilatı Şura İclasının Qərarı və Rayon Partiya Təşkilatı adından cənab Prezident İlham Əliyevə müraciət oxundu.

Keçidlər