“Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda dəyirmi masa keçirildi
19 fevral tarixində Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, psixoloq Narınc Rüstəmova, din xadimi Musa İbrahimov, həmçinin yaşlı və gənc nəslin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Aygün Əliyeva möhkəm və sağlam ailənin cəmiyyətdəki rolundan danışdı, güclü dövlətin məhz belə ailələrdən təşkil olunduğunu bildirdi. Hazırda dövlət tərəfindən ailələrə göstərilən qayğıdan bəhs edən A.Əliyeva gənclərin ailə dəyərlərini qorumaq və ailəni möhkəm təməllər üzərində formalaşdırmaq baxımından yaşlı nəslin əldə etdiyi sosial təcrübədən faydalanmasının vacibliyini vurğuladı. Rayon İcra Hakimiyyəti başçısının müavini bu nöqteyi-nəzərdən belə maarifləndirici tədbirlərin əhəmiyyət daşıdığını diqqətə çatdırdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ölkədə ailə məsələlərinə önəm verildiyini diqqətə çatdıraraq, bu tədbirin yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirdi.
Ailə məsələlərindən hüquqi müstəvidə bəhs edən Binəqədi Rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruri olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Psixoloq Narınc Rüstəmova isə tədbir iştirakçılarının diqqətini ailə münasibətlərinin psixoloji aspektlərinə yönəldərək sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu qeyd etmişdir.
Ailə dəyərlərini milli-mənəvi prizmadan izah edən din xadimi Musa İbrahimov İslam dinində ailənin xüsusi önəm daşıdığını bildirdi, o ailə münasibətlərində milli-mənəvi dəyərlərin qorunmasını ailələrin davamlı və dayanıqlı olmasının təminatçısı kimi səciyyələndirdi.
Tədbirdə uzunömürlü ailə örnəyi kimi professor Dünyamalı Vəliyev möhkəm ailə münasibətlərinin yaranmasının səbəblərini izah etmiş, gənc ailələrə dəyərli tövsiyyələr verdi. Gənc ailə kimi isə Vasif Abdullayev mövzu ətrafında öz fikirlərini bildirdi.
Daha sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr apardılar.
Sonda uzunömürlü və gənc ailəyə Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edildi.