Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Milli Qəhrəmanlar abidəsinin açılış mərasimi oldu

26 fevral 2014 | 11:00

Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində fevral  ayının 25-də Binəqədi rayonu Biləcəri qəsəbəsində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş Milli Qəhrəmanlarımızın şərəfinə ucaldılmış  abidənin açılış mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, millət vəkili Madər Musayev, rayon icra strukturlarının rəhbərləri, fəal gəncləri, hərbçilər, məktəblilər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda sinələrini sipər etmiş qəhrəman həmvətənlərimizin daim dövlətin diqqətində olduğunu bildirdi, onların keçdiyi şərəfli həyat yolunun gənc nəsillər üçün örnək olduğunu vurğuladı.
Sonra  Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov millət vəkili Madər Musayev Milli Qəhrəmanlar Mirzə Quliyev və Bəxtiyar Allahverdiyevlə birlikdə Abidənin açılışını etdilər. Rayon İcra Hakimiyyətinin adından abidənin önünə  önünə əklil qoyulmasının ardınca orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Milli Qəhrəman Mirzə Quliyev tədbirdə çıxış edərək Milli Qəhrəmanların xatirəsini daim əziz tutduğuna, həmçinin belə bir parkın açılışı və şəhid Milli Qəhrəmanların büstlərinin ucaldılmasına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı cənab İlham Əliyevə minnətdarlığını bildirdi.   Mərasimdə çıxış edən Milli Qəhrəmanlar Rasim İbrahimovun oğlu Nizami İbrahimov, Allahverdi Bağırovun qızı Aynur Bağırova, Elxan Zülfüqarovun bacısı Naridə Zülfüqarova qəhrəman vətən övladlarının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq etdilər. Onlar bu parkın açılışı və büstlərin qoyulmasını qeyd olunan ehtiramın bariz göstəricisi kimi səciyyələndirdilər.
Mərasimdə Binəqədi rayonu 299 saylı orta məktəbin şagirdlərinin ifasında ağrılı-acılı müharibə illərini canlandıran səhnələr nümayiş etdirildi, Milli Qəhrəmanların həyat yolları barədə tədbir iştirakçılarına qısa məlumat verildi və məktəblilərin ifasında vətənpərvərlik ruhunda musiqi parçaları ifa edildi.  Nümayiş olunan səhnələr və musiqi parçaları Milli Qəhrəmanların yaxınları və ailələri tərəfindən göz yaşları ilə qarşılandı. Bu göz yaşlarının içərisində kədərlə yanaşı, sevinc də var idi. Çünki şəhidlər öz ölümləri ilə əbədiyyət qazanmışdılar.

Keçidlər