Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi təhlili” adlı konfrans keçirildi

26 fevral 2014 | 11:00

Fevralın 25-də bəşər tarixinə qanla yazılmış faciələrdən olan Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımının tarixi, siyasi və hüquqi təhlili” adlı konfrans keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, millət vəkili Madər Musayev, “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Azərbaycan üzrə milli koordinatoru Sevinc İsgəndərova, kampaniyanın hüquq məsləhətçisi Vüsal Qurbanov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP fəalları və gənclər iştirak edirdi.
Davos formatında keçirilən tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov insanlıq əleyhinə yönəlmiş cinayət olan Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoyduğunu bildirdi. V.İsmayılov bu soyqırım aktına ilk dəfə olaraq məhz xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini və qanlı olayın bu nöqteyi-nəzərdən təhlil olunduğunu diqqətə çatdırdı.
“Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının Azərbaycan üzrə milli koordinatoru Sevinc İsgəndərova  Xocalı Soyqırımının dünyada siyasi tanınmasının əhəmiyyəti, kampanyanın bu istiqamətdə gördüyü işlər və nəticələr barədə konfrans iştirakçılarına məlumat verdi.
Daha sonra çıxış edənlər  YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin  Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova və Vüsal Qurbanov Xocalı faciəsinin ermənilər tərəfindən dövlət səviyyəsində milli mənsubiyyətinə görə azərbaycanlılara qarşı törədilmiş soyqırım, eyni zamanda mənəvi terror kimi səciyyələndirdilər.
Tədbirin sonunda “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının başladığı “Sosial həmrəylik” layihəsi çərçivəsində Xocalının işğalı zamanı hər iki valideynini itirmiş iki nəfər Xocalı sakininə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər ay maddi yardım olunacağı elan edildi.

Keçidlər