Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin internet saytı yerli icra hakimiyyətləri arasında birinci yerə layiq görüldü

05 mart 2014 | 11:00

4 mart 2014-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi tərəfindən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda  dəyirmi masa keçirildi.
Tədbirdə hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun  təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi.
Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz informasiya  açıqlığı üzrə Mərkəzi və yerli icra   qurumlarının növbəti hesabatını  və reytinq  cədvəlini   ictimaiyyətə təqdim etdi. 6 ay ərzində  74 mərkəzi icra orqanının və 67 yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığı  qeyd olundu. 
Rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğu  bildirildi.  Hər bir qurum üzrə araşdırmaların yekunu olaraq icmal və tövsiyələr hazırlandığı diqqətə çatdırıldı.
Tədbirdə informasiya açıqlığı sahəsində  əvvəlki illərlə müqayisədə müsbət irəliləyişlərin olduğu qeyd olundu.
Yerli icra hakimiyyətlərinin saytlarında aparılmış monitorinq nəticələrinə və onlayn şəffaflığa görə Binəqədi Rayon İcra Hakimiyyəti  birinci yerə layiq görüldü. 
Dəyirmi masada Multimedia Mərkəzinin Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırladığı  “Kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı” da ictimaiyyətə  təqdim olundu.
Siyahının hazırlanmasında məqsəd daha vacib və kütləvi tələbat olan  xidmətlərin ilk növbədə elektron formaya keçirilməsinə kömək etmək, vətəndaşların elektron xidmətlərdən bəhrələnməsi prosesini sürətləndirmək və şəffaflığı gücləndirməkdir.
Dəyirmi masada Binəqədi İcra Hakimiyyəti Sakinlərin Müraciət Xidmətinin (1646) rəisi  Anar Səfərov çıxış edərək Binəqədi rayonunda elektron xidmətlər sahəsində görülmüş işlərdən və gələcək layihələrdən danışaraq bu xidmətlərin həyata keçirilməsində saytın rolunun vacib olduğunu vurğuladı.
Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olundu.

Keçidlər