Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Novruz bayramı qeyd olundu

19 mart 2014 | 11:00

Azərbaycan xalqının tarix boyu formalaşan və günümüzədək gəlib çatan adətləri, mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələrini özündə əks etdirən Novruz bayramı paytaxtın Binəqədi rayonunda da təntənə ilə qeyd edildi. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən Novruz şənliyində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Rafael Cəbrayılov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, rayon icra strukturunun, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin rəhbərləri və geniş rayon ictimaiyyəti iştirak etdilər.
İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması tədbir iştirakçılarında xoş ovqat yaratdı. Bahar qızı qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşıladı. Qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış olmuş, onların ifasında nümayiş olunan səhnəciklərə tamaşa etdilər.
Bayram şənliyinin gedişində milli plov festivalı keçirildi. Milli mətbəximizin şahı sayılan müxtəlif plov növləri iştirakçılara təqdim olundu. Tədbir zamanı bayram yarmarkaları da təşkil olunmuşdur. Bayram şənliyində çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar qonaqların böyük marağına səbəb oldu. Bayram şənliyində ənənəyə uyğun olaraq tonqal qalandı, Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı.
Milli musiqimizin sədaları altında davam edən Novruz şənliyində Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı. Xaricdən dəvət olunmuş incəsənət ustalarının təqdimatında canlı heykəllər və alov şousu bayram şənliyinə əlavə rəng qatdı. Canlı heykəllərin nümayişi bayram günlərində davam etiriləcəkdir.
Tədbirin sonunda üçrəngli bayrağımızın rənglərinə uyğun şarlar havaya buraxıldı.

Keçidlər