Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Milli Qəhrəman Fərhad Hümbətovun anım günü ilə əlaqədar tədbir keçirildi

02 aprel 2014 | 10:00

Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım günü ilə əlaqədar tədbir keçirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə keçirilən tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Füzuli Həsənov, Milli Qəhrəman Fərhad Hümbətovun müəllimi Sayad Rəfiyev, cəbhə yoldaşları Şahin Ağayev və Mütəllim Səfərov, həmçinin müharibə veteranı İlham Qayıbzadə şəhidin qısa, lakin mənalı və şərəfli ömür yolu barədə xatirələrini danışdılar. Onlar Fərhad Hümbətovun bir şəxsiyyət kimi yüksək insani keyfiyyətlərindən bəhs etdilər. Çıxış edənlər həmçinin, Vətən uğrunda canlarını qurban vermiş oğullarımızın ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsinə toxunaraq bu diqqətin və bu qəbildən olan tədbirlərin gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynadığını iştirakçıların diqqətinə çatdırdılar.
Daha sonra tədbirdə Binəqədi RİH başçısının müavini Aygün Əliyeva çıxış etdi, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, Milli Qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirdi. A.Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını bildirdi.
Anım tədbiri Binəqədi rayonu 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən istedadlı yeniyetmə və gənclərin ifasında təqdim olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam etdi.
Sonda Milli Qəhrəmanın anım günü ilə əlaqədar ehsan verildi.

Keçidlər