Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin təsis konfransı keçirildi
Aprelin 4-də Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin təsis konfransı keçirildi. Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın şöbə müdirləri, rayonun ictimai-siyasi və mədəni fəallığı ilə seçilən ziyalıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə rayon ziyalıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısındakı abidəsi önünə gül dəstələri qoydular, Ulu Öndərin xatirəsinə öz dərin ehtiramlarını bildirdilər.
Rayonun ziyalılarından olan Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov iclasa sədrlik etdi və gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırdı. Tədbir şair-jurnalist Tale Həmid, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin çıxışları ilə davam etdi.
Təsis konfransında protokola uyğun olaraq cəmiyyətin nizamnaməsi qəbul olundu, idarə heyəti, sədr və sədr müavinləri seçildi. Yığıncaqda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru professor Asəf Zamanov Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri seçildi.
Yeni təsis olunan Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri və üzvlərini təbrik edən Binəqədi RİH başçısı Xaləddin İsgəndərov ziyalıların cəmiyyətdə tutduğu rolun əhəmiyyətindən danışdı, ziyalıları cəmiyyətin tərəqqiyə gedən yoluna işıq salan insanlar kimi səciyyələndirdi. X.İsgəndərov Ümummilli Liderin ziyalılara göstərdiyi ehtiramı xatırladaraq, Ulu Öndərin ölkədə siyasət və idarəçiliyə də bir ziyalılıq gətirdiyini vurğuladı. O, Azərbaycanın qarşılaşdığı çətinliklər, üzləşdiyi təhlükələrin Heydər Əliyevin siyasi bacarıqları ilə yanaşı, həm də bu dahi şəxsiyyətin müdrikliyi, ziyalı xarakteri sayəsində aradan qalxdığını diqqətə çatdırdı.
RİH başçısı bu gün ziyalı mövqeyinə ehtiramla yanaşan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında xalqın sıx birləşməsində milli maraqlarımızı düşünən uzaqgörən ziyalıların da rolu olduğunu bildirdi, Azərbaycanın sabitliyi və inkişafının qarantı olan dövlət başçımızın ətrafında birləşməyin vətəndaşlıq, həm də mənəvi borc olduğunu qeyd etdi.