Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilər “Fövqəladə hallarda özünü necə aparmalı” mövzüsunda tədbir keçirilib

06 aprel 2014 | 10:00

Aprelin 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) təşkilatçılığı ilə Binəqədi  rayonunun 276 saylı tam orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Yığıncaqda FHN-nin XRXX-nin əməkdaşları, orta məktəbin müəllim kollektivi və yuxarı sinif şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru Bəhram Şiriyev XRXX-nin maarifləndirmə məqsədi ilə keçirdiyi bu cür tədbirləri yüksək qiymətləndirdi və xidmətin rəhbərliyinə məktəbin pedaqoji kollektivi adından öz minnətdarlığını bildirdi.
Sonra çıxış edən XRXX-nin şöbə rəisi Məzahir Bayramov FHN-nin  yaranma zərurətindən, xidmətin bu günə kimi keçirdiyi xilasetmə əməliyyatlarından geniş söhbət açdı. Bildirildi ki, bu cür  silsilə tədbirlər Bakı şəhərinin bütün rayonlarında keçirilir. Belə tədbirləri keçirməkdə məqsəd məktəblilərə fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, yaranacaq təhlükələrin qarşısını almaq və ya baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir.
Tədbirdə nazirliyin digər əməkdaşları tərəfindən  məktəbin müəllim və şagird heyətinə, müxtəlif fövqəladə hallar zamanı davranış qaydaları barədə bilgilər verildi. Fövqəladə hallar  zamanı nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi “112” Xidməti ilə əlaqə, xidmətin fəaliyyət istiqamətləri, həmçinin partlayıcı maddələrin (şübhəli elementlərin) aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk yardım və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında geniş məlumat verildi.
Tədbirin nəzəri hissəsi bitdikdən sonra, məktəbin həyətində praktiki hissə davam etdirildi, xilasetmə qaydaları və komplektləşdirilmiş xilasedici avadanlıqlar nümayiş olundu.

Keçidlər