Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir
Paytaxtın Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi prosesi uğurla davam etdirilir. Aprel ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsinin vəziyyəti barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclası keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov, İcra nümayəndələri və bələdiyyə sədrləri, həmçinin rayonun səhiyyə müəssisələrinin rəhbərləri və işçiləri iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov giriş nitqində ölkənin günbəgün artan iqtisadi potensialının səhiyyənin inkişafı üçün də geniş imkanlar yaratdığını diqqətə çatdırdı. Səhiyyəyə ayrılan büdcə vəsaitinin son 10 il әrzində 10 dәfədən çox artırıldığını qeyd edən RİH başçısı bu sahədə maddi texniki bazanın gücləndirildiyini bildirdi. O, səhiyyə sahəsində görülən işlərin nəticəsi kimi bu gün ölkədə dünya standartlarına cavab verən tibbi xidmətin göstərildiyini, ölkəmizdə açıq ürək əməliyyatlarının, böyrək köçürülməsinin artıq fövqəladə bir hal olmadığını, səhiyyəmizin gündəlik hadisəsinə çevrildiyini vurğuladı.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevanın “Əhalinin tibbi müayinədən keçirilməsinin vəziyyəti barədə” məruzəsi ilə davam etdi. Məruzədə müayinə prosesinin gedişi barədə ətraflı məlumat verildi.
Daha sonra rayonun 11 saylı uşaq poliklinikasının baş həkimi, YAP Binəqədi rayon təşkilatı qadınlar şurasının sədri Məlahət İbrahimova, 15 saylı şəhər poliklinikasının baş həkimi Rauf Sadıqov və 25 saylı şəhər poliklinikasının baş həkimi Xatirə Xəlilova çıxış etdilər.
Şura qərarı oxunduqdan sonra Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi işində fərqləndiklərinə görə Loğman Əliyev və Məlahət İbrahimovaya Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov təşəkkürnamə təqdim etdi.