Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalında Binəqədi rayonunun komandası birinci yerə layiq görüldü
01-05 aprel 2014-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən 18 №li tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat festivalı keçirildi.
Festivalda paytaxt rayonları da daxil olmaqla, 66 şəhər və rayondan 396 nəfər məktəbli iştirak edib. Festivalı paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülovun rəhbərliyi ilə hakimlər kollegiyası idarə edib.
9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda Binəqədi rayonunun təmsilçiləri uğurla çıxış edərək aşağıdakı nəticələri əldə ediblər:
Mustafayev Fərid (276 №li tam orta məktəbin şagirdi) - 10 yaşa qədər oğlanlar arasında 7,5 xalla III yer; Tağıyeva Zəhra (135 №li tam orta məktəbin şagirdi) -12 yaşa qədər qızlar arasında 6 xalla II yer; Tağıyeva Sevinc (135 №li tam orta məktəbin şagirdi) - 14 yaşa qədər qızlar arasında 6 xalla II yer; Axundov Şəmsəd (102 №li tam orta məktəbin şagirdi) – 14 yaşa qədər oğlanlar arasında 7,5 xal; Salamov Mətin (246 №li məktəb-liseyin şagirdi)- 10 yaşa qədər oğlanlar arasında 6,5 xal; Səfərova Aytac (126 №li tam orta məktəbin şagirdi) - 10 yaşa qədər qızlar arasında 5,0 xal. Komanda hesabında 38,5 xalla Binəqədi rayonu komandası I yerə layiq görülmüşdür.
Qaliblər Təhsil Nazirliyinin kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.
Yarış başa çatdıqdan sonra beynəlxalq qrossmeysterlər-Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Azər Mirzəyev və yarışın qaliblərinin iştirakı ilə seans oyunu təşkil edildi.
Aprelin 10-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şahmat festivalının qalibləri ilə görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova iştirak ediblər.
Festival qaliblərini Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından təbrik edən və onlara ən xoş arzularını bildirən RİH başçısının müavini Aygün Əliyeva ölkədə idmana göstərilən dövlət qayğısından danışdı. A.Əliyeva “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənən və ölkədə idmanın inkişafına stimul verən dövlət siyasətinin olmasını belə uğurların qazanılmasında əsas faktor olduğunu diqqətə çatdırdı.
Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ölkədə idmana, o cümlədən şahmata göstərilən dövlət qayğısından bəhs etdi, şahmatı böyük məkan tələb etməyən, lakin diqqət və qayğıya ehtiyacı olan idman növü kimi səciyyələndirdi, məhz bu qayğı sayəsində nailiyyətlərin əldə olunduğunu bildirdi.
Binəqədi RİH başçısı Aparatının şöbə müdiri Nuridə Allahyarova əldə olunan uğurların qürurverici olduğunu bildirərək bunların idmana, eləcə də şahmat-idman növünə dövlət qayğısının bariz nümunəsi olduğunu vurğuladı.
Görüşdə iştirak edən 3 saylı uşaq gənclər şahmat-idman məktəbinin direktoru Tofiq İsmayılov göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi, bu qayğının onların üzərinə daha əzmlə çalışmaq məsuliyyəti qoyduğunu dedi.
Sonda rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından RİH başçısının müavini Aygün Əliyeva qaliblərə xatirə mükafatları təqdim etdi.
Festival qalibləri isə öz növbələrində qazandıqları kubok və diplomu Rayon İcra Hakimiyyətinə təqdim etdilər.