Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə “Sağlamlığını qoru” adlı mədəni-kütləvi aksiya keçirildi

13 aprel 2014 | 10:00

Aprelin 12-də  Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında  “6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibəti ilə  “Sağlamlığını qoru” adlı mədəni-kütləvi aksiya keçirildi.
Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), YAP Binəqədi Rayon Təşkilatı tərəfindən keçirilən mədəni-kütləvi aksiyanın məqsədi məhz əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Binəqədi rayonu Heydər əliyev adına istirahət parkında gerçəkləşdirilən tədbirdə Gənclər və İdman Nazirliyi Sağlam həyat tərzinin təbliği və sosial proqramlar  sektorunun müdiri Nərmin Bağırova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aysel Hacıyeva iştirak etdilər.
Tədbir idman, qaçış və s. hərəkətləri özündə ehtiva edən rəqsdən ibarət fləşmobun nümayişi ilə başladı.
Rəsmi açılış hissəsində çıxış edən Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Nərmin Bağırova, həmçinin Səhiyyə nazirliyinin məsul işçisi Aysel Hacıyeva sağlam həyat tərzinin təmin edilməsində fiziki aktivliyin əhəmiyyətindən danışdılar, gənclər və idman sahəsinə, eləcə də əhalinin sağlamlığının qorunmasına dövlətin qayğısından bəhs etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bütün sahələrdə olduğu kimi, əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzi keçirmələri üçün dövlət tərəfindən yaradılan şəraiti diqqətə çatdırdı. Fiziki aktivliyin insanın təkcə cismani deyil, həm də mənəvi baxımdan sağlam və güclü olmasına zəmin yaratdığını vurğuladı.
Rəsmi açılışdan sonra tədbir estafet yarışı ilə davam etdirildi. Rayonun Binəqədi, Xocasən, Rəsulzadə və Biləcəri  qəsəbələrini təmsil edən  83, 99, 182, 217  və 299 saylı məktəblər hərəsində  8 iştirakçı olan komandalar arasında estafet (kisələrlə tarazlıq, vitamin, futbol, hokkey, tennis və basketbol) yarışlarında mübarizə apardılar.
Estafet yarışı ilə paralel olaraq parkda əvvəlcədən quraşdırılmış üfürülmüş qurğularda  qeyd olunan məktəblərdən 10 ailə komandası (ata, ana və uşaq ) arasında  maraqlı idman yarışı keçirildi. Festival boyunca parkda  Rəssamlıq  Akademiyasının tələbələri məktəbli uşaqların mövzu ilə əlaqəli rəsm çəkmələrinə köməklik göstərərək çəkilmiş rəsmləri sonda müsabiqədə qiymətləndirmə üçün münsiflərə təqdim etdilər.
Bədii musiqili hissənin ardınca yarışda iştirak edən bütün məktəb şagirdləri sertifikat və medallarla təltif olundu. Bir, iki və üçüncü yerləri tutan tədris ocaqları –  müvafiq olaraq 299 saylı məktəb-lisey, 83 saylı məktəb-lisey və 182 saylı tam orta məktəb isə diplom, kubok və digər hədiyyələrlə mükafatlandırıldılar. Festival çərçivəsində həmçinin əhalinin fiziki aktivliklə bağlı maarifləndirilməsi məqsədilə təşkilatçılar tərəfindən hazırlanmış və çap edilmiş stolüstü təqvim, bloknot paylandı.

Keçidlər