Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda növbəti tədbir keçirildi

13 aprel 2014 | 10:00

Aprelin 12-də Binəqədi rayonunda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusunda tədbir keçirildi.
Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında gerçəkləşdirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, AMEA-nın Neft-Kimya prosesləri institutunun direktoru Vaqif Abbasov, psixoloq Tariel Faziloğlu, din xadimi Musa İbrahimov, həmçinin rayonun bir qrup yaşlı və gənc nəslinin nümayəndələri iştirak etdilər. Tədbir N.Allahyarovanın moderatorluğu ilə keçirildi.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Aygün Əliyeva gənclərə, eləcə də gənc ailələrə göstərilən dövlət qayğısından danışaraq, güclü dövlətin məhz möhkəm, dayanıqlı və monolit ailələrdən təşkil olunduğunu diqqətə çatdırdı. O, möhkəm və davamlı ailə ənənələrinin Azərbaycan cəmiyyətində dərin tarixi köklərə malik olmasına toxunaraq bu ənənələrin yaşadılmasının vacibliyini vurğuladı, bunun üçün isə böyüklərin, yaşlı nəslin həyat təcrübəsini gənclər üçün faydalı örnək kimi səciyyələndirdi.
Sonra çıxış edən AMEA-nın Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov həm bir ziyalı, həm də zəngin həyat təcrübəsinə malik bir ailə başçısı kimi ailə münasibətlərində uzunömürlülüyü təmin etmək barədə danışdı, qarşılıqlı hörmət-ehtiram, dözümlülük, səbr və güzəşti bu uzunömürlülüyün əsas amili kimi xarakterizə etdi. O, müasir ailələrdə yaşanan problemləri məhz bu amilin nəzərə alınmaması ilə əlaqələndirdi.
“Ailə münasibətlərinin qorunmasında psixoloji amillər” mövzusu ətrafında öz fikirlərini bölüşən psixoloq Tariel Faziloğlu, gənclərin ailə qurmazdan öncə psixoloji cəhətdən buna hazır olmalarının vacibliyi və eqoist təfəkkürdən uzaqlaşaraq ailə məsuliyyətini dərk etmələrinin əhəmiyyətini vurğuladı.
Din xadimi Musa İbrahimov çıxışında ailə münasibətlərini milli-mənəvi dəyərlər müstəvisində izah edərək milli adət-ənənələrimiz və dinimizdə ailənin möhkəmliyinin xüsusi əhəmiyyət daşıdığını bildirdi. O, qloballaşan dünyada milli-mənəvi dəyərlərimizin, o cümlədən bu dəyərlər arasında seçilən ədalət, əxlaq, qarşılıqlı hörmət-ehtiram, mərhəmət kimi prinsiplərin qorunmasını, həm də ailə münasibətlərində yaranan anlaşılmazlıqların qarşısının alınması baxımından xüsusi önəm daşıdığını vurğuladı.
Tədbirin sonunda aktiv debat keçirildi, akademik V.Abbasov ona ünvanlanan sualları cavablandırdı və zəngin həyat təcrübəsindən çıxış edərək gənclərə öz dəyərli tövsiyyələrini verdi.

Keçidlər