Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Heydər Əliyev irsinin öyrədilməsi davam etdirilir

17 aprel 2014 | 10:00

Aprelin 15-də Binəqədi rayonunda Heydər Əliyev irsinin öyrədilməsinin vəziyyəti barədə Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclası keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının şöbə müdirləri, Rayonun təhsil müəssisələrinin, eləcə də bir sıra idarə və icra strukturlarının rəhbərləri iştirak edirdi.
Şura iclasını giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Aygün Əliyeva ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsini gənclərdə liderlik bacarığının inkişafı və onların şəxsiyyət kimi formalaşması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırdı. O, Azərbaycan dövlətinin möhkəmlənməsi və azərbaycançılıq ideologiyasının təbliği sahəsində əvəzsiz xidmətlər göstərmiş Ulu Öndərin ictimai-siyasi xadim, müdrik rəhbər kimi keçdiyi şərəfli və mənalı ömür yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu bildirdi. A.Əliyeva müasir dövlətimizin qurucusu, xalqın qəlbində özünə əbədiyaşarlıq qazanmış Heydər Əliyevin irsi barədə dərslərin keçirilməsi, Ümummilli Liderin simasında xalqını sonsuz məhəbbətlə sevən böyük vətənpərvərin dövlət və cəmiyyət olaraq Azərbaycana verdiyi töhfələrin yeniyetmə və gənclərə, eləcə də orta məktəb şagirdlərinə çatdırılması baxımından belə tədbirlərin zəruriliyini vurğuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova  rayon məktəblərində “Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi ilə əlaqədar dərslərin keçirilməsinin vəziyyəti” barədə məlumat verdi. Məlumatda bu dərslərin təşkilində əsas məqsədin Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu prosesindəki rolunun və xidmətlərinin öyrənilməsi, bütün bunların gənc nəsillərə çatdırılması olduğu qeyd edildi.
Şura iclasında çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Allahverdi Mirzəyev dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı Binəqədi rayonunda görülən işləri yüksək qiymətləndirdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək ümumtəhsil məktəblərinin direktorlarına bu dərslərin keçirilməsi ilə bağlı öz tövsiyyə və təkliflərini verdi.
Daha sonra çıxış edən məktəb direktorları və müəllimlər belə tədbirlərin Heydər Əliyev irsinin öyrənilməsi baxımından şagirdlərlə yanaşı, müəllimlər üçün də əhəmiyyətli olduğunu bildirdilər.
Şura iclası Qərarın oxunması ilə yekunlaşdı.

Keçidlər