Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” mövzusunda tədbir keçirildi

19 aprel 2014 | 10:00

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” mövzusunda tədbir keçirildi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşdirilən tədbirdə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədr müavini Həbib Heydər, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov tədbirin keçirilməsində məqsədin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təbliğinin aparılması, əhalinin bu sahədə məlumatlandırılmasının olduğunu diqqətə çatdırdı. O, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təsdiqlədiyi bu konsepsiyanı ölkənin inkişafını sürətləndirən, bu sahədə səmərəliliyi artıran sənəd olduğunu bildirdi. İnkişaf konsepsiyasında heç bir sahənin diqqətdən kənarda qalmadığını vurğulayan R.Qonaqov bu sənəddə səmərəli sosial müdafiə sisteminin qurulmasının xüsusi əhəmiyyət daşıdığını dedi.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova dövlətimizin başçısı cənab İlham Əliyevin yürütdüyü və hər baxımdan xalqın rifah halının yüksəlməsi, ölkənin hərtərəfli potensialının gücləndirilməsinə yönəlmiş praqmatik siyasi kursun ölkəmizin tərəqqi yolunda inamla irəliləməsi üçün geniş imkanlar yaratdığını qeyd etdi. Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində insan amili dayanır” fikrini tədbir iştirakçılarının nəzərinə çatdıran N.Allahyarova  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da iqtisadi inkişafın insan kapitalına yönəldilməsini bu siyasətin məntiqi davamı kimi səciyyələndirdi. Binəqədi RİH başçısı Aparatının rəsmisi Binəqədi rayonunda görülən abadlıq-quruculuq işləri, sosial-iqtisadi sahələrin tərəqqisi ilə bağlı həyata keçirilən tədbirlərin də Konsepsiyaya uyğun həyata keçirildiyini və bütün bu işlərin sakinlərin rifah halı və həyat səviyyəsinin yüksəlməsinə xidmət etdiyini vurğuladı.
Daha sonra İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov məruzə ilə çıxış edərək konsepsiyanın əhəmiyyəti barədə məlumat verdi, bu konsepsiya çərçivəsində böyük işlər və proqramların həyata keçirildiyini bildirdi.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədr müavini Həbib Heydər və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə çıxışlarında inkişaf konsepsiyasının müxtəlif sahələrin tərəqqisinə müsbət təsirindən danışaraq bu təsirlərin vətəndaşlar tərəfindən hiss olunduğunu vurğuladılar.

Keçidlər