Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda növbəti humanitar aksiya

22 aprel 2014 | 10:00

Binəqədi rayonunda görkəmli oftolmoloq alim akademik Zərifə Əliyevanın anım günü və anadan olmasının 91-ci ildönümü münasibətilə bir sıra tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri 21-25 aprel tarixlərində reallaşdırılması nəzərdə tutulan rayon məktəblilərinin göz müayinəsindən keçirilməsi aksiyasıdır. Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçrilən xeyriyyə aksiyası Azərbaycan elmində xüsusi yeri olan, dünya oftolmologiya elminə əvəzsiz töhfələr bəxş etmiş peşəkar həkim, qayğıkeş insan, həmçinin vətəninə xalqına qəlbən bağlı olan akademik Zərifə Əliyevanın nəcib əməllərini, öz həmvətənlərinə, xüsusilə uşaqlara və yeniyetmələrə olan qayğısını bir daha ictimaiyyətin diqqətinə çatdırmaq baxımından mühüm tədbir kimi qiymətləndirilir.
Tədbirin əvvəlində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva aksiyanın əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, azyaşlı uşaqlarda göz xəstəlikləri daha geniş yayılıb və bu baxımdan, bu xəstəliklərin erkən yaşdan aşkarlanması vacibdir.
Sonra 11 saylı şəhər poliklinikasının baş həkimi Məlahət İbrahimova aksiya barədə statistik məlumat verdi və bildirdi ki, artıq bu gün 75 uşaqda göz qüsuru aşkarlanıb.
Aksiya çərçivəsində yaradılmış səyyar tibbi briqada rayonun 32 tam orta məktəbindən 4115 nəfər ibtidai sinif şagirdini tibbi müayinədən keçirməyi planlaşdırır. Biləcəri qəsəbəsindəki orta məktəblərdə başlayan tədbir rayonun digər yaşayış məntəqələrində də davam etdiriləcək. Aksiyaya bu gün ilkin olaraq Biləcəri qəsəbəsindəki 284 saylı orta məktəbdə start verildi.
Belə humanitar xarakterli tədbirlərin əhəmiyyətindən danışan rayon sakinləri, eləcə də müəllimlər və məktəblilərin valideynləri gələcəyimiz olan yeniyetmə və gənc nəslin sağlamlığı baxımından tibbi müayinələrin keçirilməsini yüksək qiymətləndirdi, dövlətin öz vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi qayğının əyani sübutu kimi səciyyələndirdilər.

Keçidlər