Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda valideyn-uşaq münasibətlərinə həsr olunmuş tədbir keçirildi

26 aprel 2014 | 10:00

Aprelin 25-də Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin “Hər beş uşaqdan biri” kampaniyası çərçivəsində Binəqədi rayonu 100 saylı tam orta məktəbdə valideyn-uşaq münasibətlərindən bəhs edən növbəti tədbir keçirildi.
Tədbirdə AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin üzvü, Azərbaycan parlamentinin əlaqələndiricisi, millət vəkili Sevinc Fətəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, almaniyalı psixoloq Qalina Heinzelman və Binəqədi rayonunda təhsil alan şagirdlərin valideynləri iştirak etdilər.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşən tədbiri giriş sözü ilə açan millət vəkili Sevinc Fətəliyeva layihənin əhəmiyyətindən danışaraq, valideyn-uşaq münasibətlərinin sağlam əsaslar üzərində qurulmasının vacibliyini qeyd etdi, uşağın şəxsiyyət kimi formalaşması, mənəvi-psixoloji yüksəlişi baxımından sözügedən münasibətlərin düzgün qurulmasının labüdlüyünü vurğuladı. Millət vəkili tədbirin həyata keçirilməsində göstərilən köməyə görə Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva dövlətimizin uşaq siyasətindən danışaraq ölkənin qanunvericiliyinə uyğun olaraq onlara böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı. Natiq qeyd etdi ki, valideynlərin bu gün uşaqlarla münasibəti gələcəkdə dövlətimiz üçün layiqli şəxsiyyətlərin yetişdirilməsində mühüm rol oynayacaqdır.
Almaniyadan dəvət olunmuş psixoloq Qalina Heinzelman uşaqlarının tərbiyəvi xüsusiyyətləri, müasir ailədə valideyn və uşaq münasibətləri ətrafında öz mülahizələrini tədbir iştirakçıları ilə bölüşdü, valideynlərə pozitiv tərbiyə üsulları barədə təlim keçdi. Almaniyalı ekspert hər bir fərdin şəxsiyyət kimi formalaşmasında genetik amillərlə yanaşı, mühit və tərbiyə faktorunun da həlledici rola malik olduğuna diqqət çəkərək, təkcə valideyn-uşaq münasibətlərinin deyil, həm də ailədaxili münasibətlərin uşaqların fiziki, mənəvi-psixoloji və intellektual inkişafına təsir göstərdiyini vurğuladı.
Tədbirin sonunda valideynlər Almaniyalı ekspertə suallarını verdi, tədbir diskussiya ilə yekunlaşdı.

Keçidlər