Binəqədi rayonunda “Böyük Ömrün Dastanı" layihəsi çərçivəsində növbəti tədbir keçirildi
Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.
Aprelin 28-dən etibarən Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şuşa Dövlət Dram Teatrının aktyorlarının iştirakı ilə Binəqədi rayonu orta ümumtəhsil məktəblərində “Böyük Ömrün Dastanı” tamaşası səhnələşdirilir. Mayın 1-də “Böyük Ömrün Dastanı” layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Rayonun 284 saylı tam orta məktəbinin akt zalında reallaşan tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, layihənin rəhbəri Elnurə Abdullayeva, məktəb müəllimləri və şagirdlər iştirak etdilər. Silsilə tədbirlərdə rayonun 32 orta məktəbindən 5000 nəfər şagirdin iştirakı nəzərdə tutulub.
Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən, ölkəmizin bütün sahələrdə hərtərəfli inkişafına verdiyi əvəzsiz töhfələrdən danışdı. Layihənin rəhbəri Elnurə Abdullayeva layihənin reallaşmasına göstərdiyi köməkliyə görə Binəqədi Rayon İcra hakimiyyətinə öz minnətdarlığını bildirdi.
Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorların iştrakı ilə Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı musiqili ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Səhnə əsəri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.