Şriftin ölçüsü :

Saytın rəngi :

“Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilən sislsilə tədbirlərə yekun vuruldu

03 may 2014 | 10:00

2 may 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və HB Co.LTD –nin birgə təşkilatçılığı ilə “Binəqədi – gənclər rayonu” layihəsi çərçivəsində orta ümumtəhsil məktəblərində “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilmiş silsilə seminar-müsabiqənin bağlanış mərasimi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov, Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli və Nazirliyin İctimai-Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev, BMT-nin Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev və HB.Co.LTD - nin baş direktoru Hikmət Butayev iştirak etdilər.
Qonaqlara ilk öncə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları “”Onlara” yox deyək!” devizli divar qəzeti stendləri təqdim olundu.
Ardından tədbiri giriş sözü ilə açan YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov layihənin ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ərəfəsində keçirildiyini qeyd etdi.
Sonra layihənin koordinatoru ölkədə aparılan sosial-iqtisadi islahatların gənclərin sağlamlığına xidmət etdiyini vurğuladı və layihə çərçivəsində şagirdlər arasında keçirilmiş sorğunun nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 
Çıxış edən Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov Binəqədi rayonunun hər zaman ilklərə imza atdığını və “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda silsislə seminarların keçirilməsinin və xüsusilə də Binəqədi rayonu üzrə bütün orta məktəbləri əhatə etməsinin də bir ilk olduğunu qeyd etdi.
Daha sonra Səhiyyə Nazirliyinin İctimai-Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev, BMT-nin Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev və HB Co.LTD-nin baş direktoru Hikmət Butayev çıxış edərək mövzuya dair öz fikirlərini bildirdilər. 
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Binəqədi rayonu üzrə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Mübarizə Komissiyasının sədri Aygün Əliyeva tədbir iştirakçılarına Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun salamlarını çatdıraraq Təhsil Naziliyinə layihəni dəstəklədiyinə görə təşəkkür etdi. Aygün Əliyeva Binəqədi Rayonunda görülən işlərdən danışdı və Rayon İcra Hakimiyyəti başçısının hər zaman milli mənəvi dəyərlərin qorunması, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə xüsusi diqqət yetirdiyini bildirdi.
Sonda Binəqədi rayonu üzrə 32 orta ümumtəhsil məktəbin 1500-ə yaxın şagirdini əhatə edən “Tütün və alkoqolun insan sağlamlığına vurduğu zərərin tibbi aspektləri” mövzusunda keçirilən sislsilə tədbirlərin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Keçidlər