Binəqədi rayonunda “Təmizliyimiz birinciliyimizdir” layihəsi çərçivəsində təmizlik günü keçirildi
3 may 2014-cü il tarixində Binəqədi rayonunda müasir Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirlər silsiləsindən “Təmizliyimiz birinciliyimizdir” devizi ilə təmizlik günü keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Həmzə Babaşov küçəsində salınmış abad məhəllədə reallaşan kütləvi aksiyada 150 nəfər iştirak etdi. Aksiyada müxtəlif idarə və müəssisələrin əməkdaşları ilə yanaşı, həmçinin bir qrup rayon sakini də könüllü iştirak etdi.
Qeyd edilməlidir ki, Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri başlayandan yaşayış binalarının girişində əlillərin rahat və sərbəst hərəkətlərini təmin etmək üçün xüsusi keçidlər də quraşdırılıb.
Belə kütləvi tədbirlərin keçirilməsi rayon ərazisində təmizlik işlərinin aparılması, eləcə də yaradılmış səliqə-sahmanın qorunması və bu məsələyə ictimaiyyətin diqqətinin artırılması baxımından böyük əhəmiyyət daşıyır.