Binəqədi rayonunda 9 may faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr olunmuş “Yaşayan Tarix” adlı tədbir keçirildi
9 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində yerləşən Biləcəri qəsəbəsi mədəniyyət və istirahət parkında faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr olunmuş “Yaşayan Tarix” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayilov, Binəqədi rayonu ərazisində yaşayan Böyük Vətən Müharibəsi iştirakçıları, müharibə veteranları, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbə gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
II Dünya müharibəsi illərində istifadə olunan avtomobillər park ərazisinə daxil oldu və onların təntənəli keçidi oldu.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirin rəsmi hissəsində ATGTİ və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanan Böyük Vətən Müharibəsi iştirakçılarının döyüş xatirələrini özündə əks etdirən “Yaşayan tarix” adlı sənədli film nümayiş etdirildi.
Binəqədi RİH başçısının müavini A.Əliyeva Qələbə günü münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından təbrik etdi, onlara dərin ehtiramını bildirdi. A.Əliyeva çıxışında həmvətənlərimizin vətəni, ölkəni qorumaqla yanaşı, mürtəce mahiyyətli, insani və mənəvi dəyərlərə zidd olan və irqi-ayrıseçkiliyi tərənnüm edən bir sistemin dünyanı işğal etməsinin qarşısının alınmasında fəal iştirak etdiklərini diqqətə çatdıraraq, onların həm vətəndaşlıq, həm də insanlıq borclarını layiqincə yerinə yetirdiklərini vurğuladı.
Gənclər və İdman Nazirliyinin sektor müdiri E.Hüseynov ölkəmizin müharibə illərində soydaşlarımızın bütün imkanlarını cəbhə üçün səfərbər etdiyini, onların göstərdikləri fədakarlıqların müharibənin gedişinə əsaslı təsir göstərdiyini diqqətə çatdırdı.
ATGTİ sədri Ş.İsmayılov çıxışında Böyük Vətən Müharibəsi iştirakçılarının tarixi keçmişimizin şanlı səhifələrini əks etdirən canlı əfsanələr olduğunu dedi, Binəqədi rayon Veteranlar Şurasının sədri T.Hətəmov veteranlara göstərilən dövlət qayğısından danışdı və bu qayğıya görə veteranlar adından ölkə rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Tədbir veteranlarla təşkilatçıların və gənclərin çay süfrəsi ətrafında səmimi söhbəti ilə davam etdi.
Daha sonra hərbi marşın sədaları altında Böyük Vətən müharibəsi illərində azərbaycanlılardan təşkil olunmuş 77, 223, 402 və 416-cı diviziyaları simvolizə edən rayon məktəblilərindən ibarət komandaların veteranlar qarşısında paradı keçirildi.
Qələbə günü ilə bağlı tədbir Binəqədi Rayon İcra Hakimiyyəti kollektivi və bir qrup rayon sakinlərinin iştirakı ilə Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun abidəsi önündə davam etdi. Abidə önündə məktəblilərin hazırladıqları kompozisiyalar maraqla qarşılandı.
Bayram tədbiri rayonun Binəqədi və Xocasən qəsəbələrində yerləşən Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin ziyarət edilməsi ilə yekunlaşdı.