Binəqədi rayonunda Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirildi
Mayın 17-də Binəqədi Rayon İcra Hakimiyyətində Əfqanıstan müharibəsinin bitməsinin 25 illiyi münasibətilə Əfqanıstan müharibəsi veteranları ilə görüş keçirildi. Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Binəqədi rayon filialının sədri Məhəddin Rüstəmov və rayon sakini olan bir qrup Əfqanıstan müharibəsi veteranları iştirak etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında Sovet müstəmləkəsi illərində üzləşdiyimiz ağır sınaqlardan biri olan Əfqanıstan müharibəsinin sona çatmasının 25 illiyi münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından veteranları təbrik etdi, onlara ən xoş arzularını bildirdi. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə qatılan Əfqanıstan müharibəsi iştirakçılarının bu savaşda göstərdikləri şücaətləri qeyd edən A.Əliyeva dövlət tərəfindən veteranlara hərtərəfli qayğı göstərildiyini qeyd etdi.
Veteranlar adından çıxış edən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Binəqədi rayon filialının sədri Məhəddin Rüstəmov onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.
Görüşün sonunda müharibədə iştirak etmiş və Binəqədi rayon sakini olan bir qrup veterana "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirə yubiley medalı"ı və maddi yardım təqdim edildi.