Rayon orta məktəblərində “Gigiyenik gənclik, sığortalı sağlam gələcək” mövzusunda tədbirlər keçirilir
Mayın 19-da Binəqədi rayonunda məktəblilərin gigiyenası ilə əlaqədar “Gigiyenik gənclik, sığortalı sağlam gələcək” mövzusunda silsilə tədbirlərə start verildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun beş orta məktəbindən 700 nəfər məktəblini əhatə edən tədbir 299 saylı tam orta məktəbdən başladı. Həmin tədbirdə RİH başçısı Aparatının əməkdaşı Seymur Hacıyev, Binəqədi Rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Fədai Hacıyev, “Ekologik” şirkətinin nümayəndəsi İlham Mehdiyev, məktəb direktorları və müəllimlər iştirak etdilər.
Binəqədi Rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Fədai Hacıyev məktəblilərin düzgün qidalanması, gigiyenik qaydalara əməl olunmasının vacibliyi, müxtəlif infeksion xəstəliklərdən qorunma barədə məktəblilərə məlumat verdi. Ekologik şirkətinin meneceri Nailə Allahverdiyeva yay mövsümünə keçidlə əlaqədar şagirdlərin qarşılaşdıqları təhlükəli infeksiyalar qarşısında ən uğurlu təmizləyici üsulların məhz orqanik məhsullar olduğunu vurğulayan təqdimatla çıxış etdi. İnteraktiv formada keçirilən tədbirdə “Ekologik” şirkətinin hazırladığı fləşmob şagirdlərin və müəllimlərin marağına səbəb oldu.
Yekunda şagirdlərə Ekologik şirkətinin orqanik və kimyəvi tərkibli olmayan məhsulları hədiyyə edildi. Tədbir 284 və 182 saylı məktəblərdə davam edəcək.