Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin növbəti iclası keçirildi
20 may tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin növbəti iclası keçirildi.
İclasda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Asəf Zamanov və Cəmiyyətin İdarə Heyətinin üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədri, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazrlanma İnstitutunun rektoru, professor Asəf Zamanov Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı ilə birgə “Heydər Əliyev və Azərbaycanın intellektual potensialının inkişaf dinamikası” mövzusunda Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda konfransın baş tutduğunu və tədbirin Nazirlər Kabinetinin razılığı, Təhsil Naziliyinin müvafiq əmri və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirildiyini bildirdi. Asəf Zamanov gündəlikdə duran məsələlərlə bağlı danışaraq Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin tərkibində müvafiq komissiyaların yaradılması haqqında danışdı. O cəmiyyətin İdarə Heyətinin üzvləri olan rayon ziyalılarını müvafiq komissiyaların sədri vəzifəsinə təklif etdi.
Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin sədr müavini Hüseyn Əsgərov Elm və Təhsil Komissiyasının sədri, 20 saylı poliklinikanın baş həkimi Xuraman Hüseynova Səhiyyə və Sosial məsələlər üzrə Komissiyanın sədri, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti Rahib Abbasov Gənclər və İdman məsələləri üzrə Komissiyasının sədri, 11 saylı poliklinikanın baş həkimi Məlahət İbrahimova Qadınlarla iş üzrə Komissiyanın sədri, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının direktoru İftixar Piriyev Mədəniyyət Komissiyasının sədri, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov İctimaiyyətlə əlaqələr üzrə Komissiyanın sədri vəzifəsinə yekdilliklə seçilərək təsdiq edildilər.
Sonra gündəlikdə duran növbəti məsələ - Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin rayon üzrə ərazi şöbələrinin yaradılması məsələsinə baxıldı. Çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin İdarə Heyətinin üzvü Ramiz Göyüşov Ziyalılar Cəmiyyətinin qeydiyyatdan keçdikdən sonra respublika üzrə yeganə belə təşkilat olacağını vurğuladı. Sonra İdarə Heyətinin üzvləri olan rayonun görkəmli ziyalıları Mürsəl Əlieyev, Çingiz Quliyev, Şahrza Ağayev, Əli Sadıqov, Cümşüd Hüseynov, Taleh Həmid, Aslan Mehdiyev və Məqsəd Qocamanov cəmiyyətin ərazi şöbələrinin sədrləri vəzifəsinə səsvermə ilə seçildilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgədərovun Ziyalılar Cəmiyyətinin fəaliyyətinin bu cür təşkilində əməyinin və diqqətinin olduğunu bildirdi. Aygün Əliyeva ziyalıların fəaliyyətində gənclərlə sıx işləməyin vacibliyini, qloballaşan dünyada milli-mənəvi dəyərlərin itməsinin qarşısının alınması, gənclərin düzgün istiqamətdə olması üçün ziyalıların gənclərə daim dəstək göstərməsinin vacib olduğunu bildirdi. O, Binəqədi Rayon Ziyalılar Cəmiyyətinə Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli dəstəyin olacağını, gələcəkdə Binəqədi rayonu ərazisində Ziyalılar Bağının salınması kimi bir təşəbbüsün mövcudluğunu və bunun respublika səviyyəsində mühüm təşəbbüs olduğunu qeyd etdi.
Sonda çıxış edən Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin üzvləri cəmiyyətin daha aktiv fəaliyyəti naminə müxtəlif təkliflərlə çıxış etdilər.