Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin yaradılması və fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirildi

22 may 2014 | 10:00

Mayın 21-də Binəqədi Rayonu İcra Hakimiyyətində Avropa İttifaqının, İqtisadiyyat və Sənaye Nazirliyinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin yaradılması və fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirildi.
Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Avropa İttifaqının Bakı Ofisinin, qeyri-hökumət təşkilatalarının, yeni yaradılmış mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin, eləcə də müxtəlif təşəbbüs qruplarının nümayəndələri iştirak etdilər.
Tədbirdən əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov İqtisadiyyat və Sənaye Nazirliyinin şöbə müdirləri Nizami Qasımov və Elşən Əsədov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Pərviz Hüseynov və “Azərbaycanda mənzil islahatlarına dəstək” layihəsinin rəhbəri Jerzi Fişerlə görüşdü.
Tədbiri açıq elan edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkədə  yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etdi, Binəqədi rayonu ərazisində belə tədbirin təşkilinin əhalinin mənzil-kommunal sahəsində yeni münasibətlərə dair məlumatlandırılmasında əhəmiyyətini vurğuladı.
Daha sonra, İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov çıxışında ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını, son illər ölkədə aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının formalaşdığını qeyd etdi.
Nizami Qasımov çıxışında, mənzil-kommunal sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, habelə digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini də qeyd etdi.
Tədbirdə həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı Arif Nəzərov, Avropa İttifaqının yardımı ilə həyata keçirilən “Azərbaycanda mənzil sektoruna islahatlara dəstək Layihəsi”nin rəhbəri Jerzi Fişer və həmin layihənin Hüquq eksperti Azad Talıbov, həmçinin Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdir Ramiz Göyüşov müxtəlif təqdimatlarla çıxış etdilər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında geniş müzakirələr aparıldı.

Keçidlər