Binəqədi rayonunda şəhid Vüsal Salahlının doğum günü qeyd edildi
Mayın 21-də Binəqədi rayonunda şəhid Vüsal Salahlının doğum günü qeyd edildi. Rayonun 306 saylı tam orta məktəbində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Binəqədi RİH başçısının 28 May qəsəbəsi üzrə nümayəndəsi Əlipaşa Xankişiyev, 306 saylı tam orta məktəbin direktoru Cümşüd Hüseynov, şəhidin valideynləri, müəllimlər və şagirdlər iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi RİH başçısı Aparatının şöbə müdiri Nuridə Allahyarova Vətən uğrunda öz həyatlarını fəda edənlərin şəhidlik məqamına yüksələrək könüllərdə əbədiyaşarlıq qazandıqlarını bildirdi. O, ərazi bütövlüyümüz uğrunda canlarından keçən oğulların yalnız bir ailənin deyil, bütün xalqın itgisi olduğunu vurğuladı.
Şəhidin məzunu olduğu 306 saylı tam orta məktəbin direktoru Cümşüd Hüseynov Vüsal Salahlı barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Şəhidin atası Şənbə Salahov tədbirin təşkil keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildirdi.
Məktəblilərin ifasında nümayiş olunan “Şəhidim” kompozisiyası ilə davam edən tədbir şəhidin məzarının ziyarət edilməsi və onun ruhuna verilən ehsan süfrəsi ilə yekunlaşdı.