Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda sağlam həyat tərzini təbliğ edən “Həyatla oyun” tamaşası nümayiş etdirildi

23 may 2014 | 10:00

Mayın 22-də Binəqədi rayonunda Biləcəri qəsəbəsi mədəniyyət və istirahət parkındakı Mədəniyyət evində yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ edən “Həyatla oyun” adlı tamaşa nümayiş etdirildi. Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşan tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, zərərli vərdişlərin insanın səhhətinə zərər vurmaqla yanaşı, həm də mənəvi cəhətdən aşınmaya məruz qoyan amil kimi göstərilməsi və gənclərin belə davranışlardan uzaq olmasını təmin etməkdir.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Bakı Uşaq Teatrı tərəfindən səhnələşdirilmiş “Həyatla oyun” tamaşasının süjet xətti və orada cərəyan edən hadisələr həm gənclər, həm də valideynlər üçün ibrətamiz səciyyə daşıyır.
Əsasən məktəblilərdən ibarət tamaşaçıların böyük maraqla qarşıladıqları tamaşada valideyn məsuliyyətsizliyi, diqqətsizliyi, həmçinin gənclərin iradə zəifliyi səbəbindən cismən və mənən yuvarlandıqları uçurum obrazların dili ilə canlı şəkildə təsvir edilmişdir.

Keçidlər